Azyaşlı uşaqların dilənçiliyə cəlb edilməsi... - Sərt cəzaların tətbiqi problemi həll edə bilər?

Cəmiyyətimizin probleminə çevrilən bu məsələdə qanunun sərtləşdirilməsi doğru çıxış yolu olar?..  

“Təmiz Dünya” İctimai Birliyinin sədri: “Düşünürəm ki, cinayət məsuliyyətindən əvvəl o ailələrə ilk növbədə sosial işçilər təyin etmək lazımdır”

Millət vəkili: “Bu problemə qarşı inzibati yollarla aparılan mübarizə qısamüddətli effekt verir”.

Bu günlərdə Azərbaycan Uşaqlar Birliyinin (AUB) və uşaq sığınacağının rəhbəri Kəmalə Ağazadə öz “Facebook” səhifəsində dilənçiliklə məşğul olan üç bacı barədə məlumat verdi. Bildirdi ki, həmin bacıları onun yanına polislər gətiriblər: “12, 6 və 3 yaşlı bacılar mənə danışdılar ki, dilənçiliklə pul yığmalarına səbəb analarının kiməsə olan borcudur. Onlar dilənərək, borc qaytarırlar”.

Azyaşlı uşaqların dilənçiliyə cəlb edilməsi və onlara qarşı valideynləri tərəfindən zorakılığa yol verilməsi ilə bağlı son zamanlar xəbərlərin sayı artmaqdadır. Bu kimi halların qarşısının alınması üçün qanunvericiliyimizdə ciddi boşluqların olması da diqqət çəkir.

Cəmiyyətimizin probleminə çevrilən bu məsələdə hansı addımların atılmasını məqsədə uyğun hesab etmək olar və qanunun sərtləşdirilməsini doğru çıxış yolu olardı?

Mövzunu PİA.az-ın əməkdaşı “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova və millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Mehriban Zeynalova: “Valideyn məhkəmədə sübut etsə ki, o övladını şəxsiyyət, vətəndaş və zorakılıqdan kənar mühitdə böyüdəcək, o halda uşağı valideynə qaytarmaq olar”.

Hansı səbəblərdən uşaqların diləndirilməsinin araşdırılmalı olduğunu düşünən “Təmiz Dünya” İctimai Birliyinin sədri PİA.az-a açıqlamasında əlavə edib ki, əgər doğrudan da zorakılıq yüksək həddədirsə, bu zaman valideynlik hüququndan məhrum edilmə qanunu tətbiq edilməlidir:

“Əslində bu məsələ uzun müddətdir müzakirə olunur. Düşünürəm ki, cinayət məsuliyyətindən əvvəl o ailələrə ilk növbədə sosial işçilər təyin etmək lazımdır. Yəni ailənin vəziyyəti qiymətləndirilməlidir. Hansı səbəblərdən uşaqların diləndirilməsi araşdırılmalıdır. Həmin ailələrlə psixoloq işləməlidir. Əgər doğrudan da zorakılıq yüksək həddədirsə, bu zaman valideynlik hüququndan məhrum edilmə qanunu tətbiq edilməlidir.

Ümumiyyətlə bu məsələ ilə bağlı beynəlxalq təcrübə var. Təcrübəyə görə uşaq valideynlərdən alınır və valideynlər valideynlik hüququnu icra etmələrini sübut edənə qədər uşaq dövlət müəssisəsində qalır.

Mehriban Zeynalova: “Biz valideynləri cinayət məsuliyyətinə cəlb etməklə bu işi yekunlaşdırmamalıyıq”.

Hesab edirəm ki, Azərbaycanda da bu təcrübə tətbiq edilməlidir. Yəni uşaq valideynlərdən birdəfəlik alınmasın. Müəyyən dövr ərzində valideyn özünü sübut etməlidir. Ola bilər ki, hansısa sosial problemi, çətinliyi olub buna görə də uşağı dilənməyə məcbur edib.

Valideyn məhkəmədə sübut etsə ki, o övladını şəxsiyyət, vətəndaş və zorakılıqdan kənar mühitdə böyüdəcək o halda uşağı valideynə qaytarmaq olar. Valideyn övladını geri almaq üçün əziyyət çəksə, təkrar o hərəkəti övladına qarşı etməz.

Biz valideynləri cinayət məsuliyyətinə cəlb etməklə bu işi yekunlaşdırmamalıyıq. Müxtəlif taktikadan istifadə etmək və bununla da bu priblemin kökünü kəsmək lazımdır”.

Elman Nəsirov: “İlk növbədə hüquqi normativ aktların bu istiqamətdə möhkəmləndirilməsinə ehtiyac var”.

İnzibati cəza tədbirlərinin sərtləşdirilməli olduğunu vurğulayan millət vəkili bildirib ki, valideynlər övladını erkən yaşlarından qeyri-qanuni əməyə cəlb edir və buna şərait yaradanlar da olur. Bu da qəbuledilməzdir:

“Bəli ölkəmizdə haqqında bəhs etdiyiniz problem var. Bu ümumi bəladır. Ayrı-ayrı ölkələrdə də bu bəlaya rast gəlirik.

Bildiyimiz kimi insan alverinə qarşı mübarizə ilə bağlı Daxili İşlər Nazirliyi yanında müvafiq qurumun hər il parlamentdə hesabatı olur. Bu müzakirələr gedişatında da məlum olur ki, problem var. Bir çox hallarda valideynlərin öz uşaqlarını dilənçiliyə cəlb edilməsi halları paytaxt şəhərlərdə daha geniş yayıldığı məlum olur. Bu da məqsədyönlü şəkildə həyata keçirilir.

Bu problemə qarşı inzibati yollarla aparılan mübarizə qısamüddətli effekt verir. Yəni bir qədər sonra yenidən həmin valideynlər öz uşaqlarını qanunazidd hərəkətə cəlb edirlər. Bu da cinayət məsuliyyəti yaradır. Buna görə də hesabat edirəm ki, burada bir neçə istiqamətdə iş getməlidir. İlk növbədə hüquqi normativ aktların bu istiqamətdə möhkəmləndirilməsinə ehtiyac var. Çünki belə məsələlərdə heç bir hüquqi boşluq olmamalıdır.

İkinci inzibati cəza tədbirləri sərtləşdirilməlidir. Valideynlər övladını erkən yaşlarından qeyri-qanuni əməyə cəlb edir və buna şərait yaradanlar da olur. Bu da qəbuledilməzdir. Hesab edirəm ki, bu adamlara qarşı həm hüquqi, həm də inzibati müstəvidə sərt cəzalar verilməlidir.

Elman Nəsirov: “Bir çox hallarda vətəndaşlar da bu problemə şərait yaradırlar”.

Eyni zamanda ictimai nəzarətin də üzərinə böyük nəzərət düşür. Bir çox hallarda vətəndaşlar da bu problemə şərait yaradırlar. Yəni vətəndaşlar rəhmi gəlib deyə uşaqlara pul verirlər. Amma bilmirlər ki, onların arxasında dayanan adamlar var. Bu da nəticə etibarilə ilə münbit şərait təmin edir.

Həmin uşaqlara pul vermək yox, problemin həllinə çalışmaq lazımdır. Bir daha qeyd edim ki, bu problemin həllində ictimai nəzarətin rolu böyükdür. Yəni gözləmək lazım deyil ki, oraya polis gəlib məsələyə müdaxilə etsin. Ümumiyyətlə ictimai nəzarətin cəmiyyətimizdə rolu böyükdür. Ölkə prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, bu kimi hallarla qarşılaşanda burada ictimai nəzarət öz rolunu oynamalıdır.

Onu da qeyd edim ki, burada maarifləndirməyə böyük ehtiyac var. Xüsusilə də Azərbaycanın Respublikası Prezidenti yanında QHT-lərə dövlət dəstəyi şurası çox mühüm, vacib layihələri reallaşdırır. Bu bir həqiqətdir. Düşünürəm ki, haqqında bəhs edilən problem üzrə də müvafiq vətəndaş cəmiyyəti institutlarının layihələrinə diqqət ayırmaq lazımdır. O istiqamətdə lahiyələrin reallaşdırılması önəmli olmalıdır. Bu istiqamətdə kompleks tədbirlərin aparılması problemin səviyyəsinin aşağı enməsinə münbit şərait yarada bilər”.

Nərminə UMUDLUpia.az