Maska taxın, sağ qalın!

Koronavirus pandemiyasının Azərbaycanda yayıldığı ilk günlərdə tibbi maska problemi yaşanırdı...  

Xatırladaq ki, infeksiyadan qorunmağın yollarından biri tibbi maska taxmaq olsa da, vətəndaşlar apteklərdən əliboş çıxırdılar. Yoluxma halı getdikcə hökumət bu problemi həll etmək barədə düşünməyə başladı. Nəticədə tibbi maska istehsal edən müəssisə yaradıldı. Həmin müəssisə bu gün tam gücü ilə fəaliyyətdədir. Bu baxımdan, artıq ölkədə tibbi maska problemi demək olar yoxdur.

Amma başqa problem var: Vətəndaşların tibbi maskada istifadəyə həvəssiz yanaşması.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri, yerli tibb işçiləri dəfələrlər bəyan ediblər ki, tibbi maska taxmaq zərurətdir. Çünki koronavirus yoluxma əsasən hava yolu ilə baş verir. İnfeksiya boğaza, ordan isə ağciyərə yol tapır. İnfeksiyaya yoluxma riskini azaltmaq üçün isə mütləq tibbi maskadan istifadə edilməlidir.

Bəzən deyilir ki, tibbi maskadan əsasən infeksiyaya yoluxanların istifadə etməsi məqəsəduyğundur. Sağlam insanların maska taxmasına ehtiyac yoxdur. Tibb mütəxəssisləri hesab edir ki, bu yanlış düşüncədir.

Ona görə ki, bir çox hallarda koronavirusa sipmtomsuz yoluxma halı qeydə alınır. Yəni, infeksiyaya yoluxan şəxslər var ki, bunu yalnız testdən sonra bilirlər. “İndi pandemiya elə həddə gəlib çatıb ki, küçələrdə kimin xəstə, kimin sağlam olduğu bilinmir. İnkubasiya dövründə xəstəliyin heç bir əlaməti olmur, viruslu adamın özü də öz xəstəliyindən xəbərsiz olur, maska taxmadan evdən çıxır, məsələn, avtobusda asqırır və ya öskürür, ya da ağzı tutacağa yaxın olduğu halda söhbət edir. Ya da mağazada vitrinin qarşısında eyni hərəkətləri edir. Yaxud lap elə küçədə heç kimin olmadığı ərazidə asqırır və divarları, səkini virusa bürüyür. Bu yolla da onlarla adamı yoluxdura bilir”, - deyə tibb mütəxəssisləri bildirir.

Çinli epidemioloq Elen Şuo Fenq isə deyir ki, Uhanda epidemiya başlayanda o, təxminən 1000 kilometrlik məsafədə yerləşən Tyançin şəhərində imiş. Uhandan uzaqda olsa da, hamı dərhal maska taxmağa başlayıb. Oksford Universitetində tədqiqatçı işləyən Fenq sonradan Böyük Britaniyaya gəlib və burada tək-tük adamın maska taxdığını görüb. İndi Fenqin fikrinə görə, Avropada virusun belə sürətlə yayılmasının başlıca səbəbi də elə budur.

Beləliklə, Avropada yaşananların təkrarlanmaması üçün tibbi maskadan istifadə vacibdir.

Özünüzün və ətrafınızın həyatını riskə atmayın!

pia.az