“Müxalifətin əlində səlahiyyət olmadığı üçün qarayaxma ilə məşğuldur”

“Hökumət uzun illərdir sivil toplumu təhlükə kimi görür, halbuki QHT sektoru ilə normal iş qurulsa, doğru və işlək qanunlar qəbul olunsa, sivil toplum istənilən hökumətin pulsuz məsləhətçisinə, həmçinin sosial, ekoloji, hüquqi problemlərin həllində ciddi rol oynayan instituta çevrilə bilər”...

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, hökumət uzun illərdir ki, sivil toplumu düşmən kimi alqılayır, qrant almağı aşağılıq kimi təqdim edir: “Nə qədər qəribədir ki, müxalifətin bir hissəsi də öz rəqiblərinə, opponentlərinə eyni ritorika və kafa ilə qara yaxırlar, digər müxalif qurumlara ləkə vurmaq üçün “qrant” kartını işə salırlar, zatən hökumətlə müxalifətin həmin hissəsi eyni “dalğadadılar”, eyni düşüncə və dünya görüşünə malikdirlər, sadəcə hökumətdə olanlar əlində olan alətlərlə əməldə sivil toplumu əzir, müxalifətin bir kəsmi isə əlində səlahiyyət yoxdur deyə ancaq qarayaxma ilə məşğuldular. Onlar da qrantı əskiklik, pis, yaramaz, qara bir iş kimi görürlər”.

Natiq Cəfərli hesab edir ki, hökumətin səhv siyasətinə görə sivil toplum siyasiləşib, halbuki QHT-lərin əsas işi siyasi fəaliyyət yox, sənədlərin hazırlanması, təkliflərin verilməsi, problemlərə institutlaşmış və sistemli yanaşmanın ortalığa çıxarılması olmalıdır: “Bu səhv yol idi. Sivil toplum öz məqsədlərindən kənarda qalıb. Bu gün dünyanın inkişaf etmiş ölkələrində pandemiyanın gətirdiyi çətinliklərin dəf edilməsində sivil toplum çox önəmli rol oynayır – yardımlar paylayır, aztəminatlı ailələrə kömək edir, hökumətlərə təkliflər hazırlayır. Bu sahədə onminlərlə insan çalışır, bu, həm könül işi, həm də maaş mənbəyinə dönür, yeni iş yerləri yaradır. Azərbaycanda son 27 ildə fədakarcasına sivil toplum üçün çalışan, sistem yaradan insanlar olub, ortalığa ciddi araşdırmalar, sənədlər qoyan insanlarımız var , onların istənilən araşdırması ağıllı hökumətlər üçün yol xəritəsidir, amma 27 ildir ki, QHT sektorunu könül işi kimi deyil də, biznes kimi görən insanlarımız olub, onların nə topluma, nə ölkəyə bir xeyri dəyməyib, əksinə sivil toplumun əsl niyyətinin və hədəfinin kənarda qalmasına səbəb olublar. Məmləkət indi yol ayrıcındadır, ölkənin qarşısında ciddi çağırışlar, problemlər var, əsl sivil toplum fəlsəfəsi kənarda qalır. Hökumət mütləq bu sahəyə baxışını dəyişdirməli, qanunvericiliyə ciddi dəyişikliklər etməli, QHT-lərin fəaliyyətinə tam imkan yaratmalıdır. Sivil toplum da öz mahiyyəti üzrə fəaliyyət göstərməli, hər hansı xarici-daxili çevrələrin oyuncağına çevrilməməlidir”.(yeni sabah)

pia.az