“Vilyam Hacıyev həbs edilməmək üçün məsələyə “kreativ“ yanaşıb” - Deputat

"Bundan əvvəl həbs olunan icra başçıları iş yerlərində, kabinetlərində rüşvət alırdılarsa, İmişli rayon İcra Hakimiyyətinin sabiq baççısı isə məsələyə guya kreativ yanaşıb”...

PİA.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov İmişli rayon İcra Hakimiyyətinin sabiq baççısı Vilyam Hacıyevin həbsi ilə əlaqədar videogörüntüdən danışarkən deyib. Deputat qeyd edib ki, sabiq başçı diqqətdən yayınmaq üçün rüşvəti evində alıb:

"DTX-nın keçirdiyi əməliyyat nəticəsində İmişli Rayon İcra Hakimiyyətinin başçısı təqsirkar qismində saxlanılıb və məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qəti imkan tədbiri seçilib. Artıq kadrlar mətbuatda yayılıb. Həmin kardrlardan görünür ki, İmişli rayon icra başçısı özündən əvvəl həbs olunan icra başçılarından yeganə bir dərs alıb. Özünü idarəcəliyini dəyişmək, rüşvətdən, korrupsiyadan imtina etmək, qanun cərcivəsində fəaliyyət göstərmək istəməyib. Bundan əvvəl həbs olunan icra başçıları iş yerlərində, kabinetlərində rüşvət alırdılarsa, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı isə məsələyə guya kreativ yanaşıb və rüşvətalmanı özünün mənzilində həyata keçirib. Hesab edib ki, bununla diqqətdən yayınmış olub. Məhkəmənin hökmü ilə ona vəzifə səlahiyyətlərindən istifadə, mənimsəmə, təkrar rüşvət, vəzifə saxtakarlığı ilə bağlı müvafiq cinayət məcəlləsinin maddələri üzrə cinayət işi açılıb. Bunlar onu göstərir ki, ölkə Prezidenti İlham Əliyevin xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, onların əlindən əmlakını almamaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi tələblərinə və ciddi siqnallarına müəyyən icra başçıları məhəl qoymaq istəməyiblər. Güman ediblər ki, bunlar bir sözdür. Düşünüblər ki, onlardan yan keçəcək və bunlar həbsdən kənarda qalacaqlar. Özlərinə çox inam və arxayınlıq hissi ilə cinayət əməllərini davam etdiriblər”.

Elman Nəsirov qeyd edib ki, bu hadisələr bir daha sübut etdi ki, Prezident İlham Əliyevin sözü ilə əməli hər zaman üst-üstə düşür:

"Bu, daxili və xarici siyasətdə də belədir. Prezident məmurlara sözünü açıq şəkildə deyir. Deyir ki, iki yol var. Birincisi, xalqına, dövlətinə ləyaqətlə xidmət etmək və bunun müqabilində siz daha da irəli gedəcəksiniz, vəzifələrinizdə yüksələcəksiniz. İkincisi isə bunun əksidir. Xalqına, dövlətinə deyil, öz şəxsi maraqlarına xidmət etmək, rüşvət və korrupsiya yolunu tutmaq. Bu yolda sizi çox böyük və sərt cəza gözləyir. Bu sözlərdən nəticə çıxarmayan Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayon icra başçıları həbs olundu. İndi də İmişli rayon icra başçısı həbs edildi. Bir neçə gün öncə ölkə Prezidenti Baş Prokuroru videoformatda qəbul edərkən söylədi ki, bundan sonra analoji yol seçmiş icra başçılarına qarşı çox sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda söylədi ki, bu, təkcə icra başçılarına aid olmayacaq. Mərkəzi İcra Hakimiyyəti, nazirliklər, komitələrlə bağlı eyni caza tədbirləri görüləcək. Və dedi ki, ciddi siqnallar var. Bəzi nazirliklərdə pul müqabilində insanları vəzifəyə təyin edirlər. Həmin insanların da birinci işi verdiyi pulu çıxartmaq, sonra dövlətin əmlakını dağıtmaqdır. İcra başçıları bundan nəticə çıxarmalıdır. Əks təqdirdə onların yolu bu ünvandan keçəcək. Ünvan eynidir. Ünvan həbsxanadır”.

pia.az