Kreml niyə narahatdır? - Saakaşvili Putin üçün təhlükə mənbəyidir?..

Saakaşvilinin Ukraynada böyük siyasətə qayıtması Kremli niyə bu qədər narahat edir?..

Politoloq: “Saakaşvilinin Ukraynada baş nazirin müavini vəzifəsinə gəlməsi və islahatlara rəhbərlik etməsi, bu ölkədə olan anti-rus ritorikasını daha da artıracaq”.

“Saakaşvilinin Ukraynada yüksək vəzifəyə gətirilməsi də Rusiyanın maraqlarına daha böyük zərbə vurur. Bu dönəmdə Rusiya Saakaşvili ilə gündəmə gəlmək istəmir”.

Bu sözləri politoloq Əhəd Məmmədli Saakaşvilinin Ukraynada siyasətə qayıtmasından Kremlin keçirdiyi narahatçılığı PİA.az-a şərh edərkən qeyd edib.

Aprelin 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RTVI”ya müsahibəsində bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi ola bilsin ki, bu ölkənin daxili işidir, amma bu siyasətçinin yenidən peyda olması adətən yaxşı heç bir şey vəd eləmir və pislik əlamətidir.

Kremlin sözçüsü qeyd edib ki, kütləvi informasiya vasitələrində Kiyevin özünün bu ideyadan imtina etməsinə dair məlumat görüb. Dmitri Peskov bu ideyadan imtina etməyin Ukraynanın özü üçün yaxşı olacağı düşünür:

“Saakaşvili, əlbəttə ki, çox pis bir əlamətdir. Onu gəlişi ilə Gürcüstan parçalandı. Odessa da yaxşı heç nə əldə etmədi. O, Odessa üçün də bir pislik oldu. Prezident Poroşenko üçün də pislik rolunda çıxış etdi. Bu təyinatdan az sonra Poroşenkonun reytinqi aşağı düşdü”.

Qeyd edək ki, aprel ayında Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə baş nazirin islahatlar üzrə müavini vəzifəsini və Beynəlxalq Valyuta Fondu ilə Ukraynaya kreditlərin ayrılmasıilə bağlı danışıqlar aparmağı təklif edib. Ukrayna Nazirlər Kabineti buna qarşı çıxıb.

Bundan əlavə, Ukrayna Ali Radasında Saakaşvilinin siyasətə qayıtması fikri gülüşlə qarşılanıb.

Mövzu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinim rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Saakaşvilinin Ukraynada yüksək vəzifəyə gətirilməsi Rusiyanın Ukraynadakı maraqlarına böyük zərbə vurur”.

Saakaşvilinin anti-rus və anti-Putin ritorikası ilə tanınan bir siyasətçi olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Saakaşvilinin Ukraynada baş nazirin müavini vəzifəsinə gəlməsi və islahatlara rəhbərlik etməsi, bu ölkədə olan anti-rus ritorikasını daha da artıracaq və Rusiya-Ukrayna münasibətləriinin daha da dalana dirənməsinə səbəb olacaq:

“Peskovun Saakaşvilinin siyasətə gəlməsindən narahat olması aydın məsələdir. Məlumdur ki, Saakaşvilinin Gürcüstanda hakimiyyəti dövründə 8 günlük Rusiya-Gürcüstan müharibəsi oldu. Həmin dövrdə Rusiya Abxaziyanı, Cənubi Osetiyanı müstəqil ölkə kimi tanıdı.

Həmçinin də Saakaşvili anti-Putin ritorikası ilə tanınan bir siyasətçidir. Onsuz da Ukraynada anti-rus, anti-Purin meylləri çox güclüdür. Yəni Rusiya tərəfindən Ukraynanın 20 faiz torpağı işğal ediləndən sonra Ukraynada ruslara və Putinə qarşı qəzəb və nifrət çoxalıb və iki ölkə arasında faktiki olaraq 6 ildir ki, müharibə gedir. Saakaşvilinin Ukraynada baş nazirin müavini vəzifəsinə gəlməsi və islahatlara rəhbərlik etməsi, bu ölkədə olan anti-rus ritorikasını daha da artıracaq və Rusiya-Ukrayna münasibətləriinin daha da dalana dirənməsinə səbəb olacaq.

Əhəd Məmmədli: “Putinlə Saakaşvili arasında münasibətlər şəxsi düşmənçilik səviyyəsindədir”.

Ukraynada Qərbyönlü siyasətçi vəzifəyə gəldiyinə görə ölkənin siyasəti də Qərbə yönəlik olacaq. Təbii ki, bu da Rusiyanı narahat etməyə bilməz. Bütün bunlar görə Peskovun narahatçılığı başa düşüləndir. Çünki Putinlə Saakaşvili arasında münasibətlər şəxsi düşmənçilik səviyyəsindədir və hər iki tərəf bir-birinə qarşı çox qəzəblidir.

O da nəzərə alınmalıdır ki, son dövrlərdə Rusiyanın istər xarici siyasəti, istərsə də daxili siyasəti heç yaxşı dönəmdə deyil. Dünyada baş verən siyasi və iqtisadi prosseslər Rusiyanın da böhran yaşanmasına səbəb olub. Bu üzdən də Saakaşvilinin Ukraynada yüksək vəzifəyə gətirilməsi də Rusiyanın maraqlarına daha böyük zərbə vurur. Bu dönəmdə Rusiya Saakaşvili ilə gündəmə gəlmək istəmir”.

Nərminə UMUDLU pia.az