Yazdılar ki, "Aslan İsmayılov şiələri təhqir etdi"

"Çoxları susmağa üstünlük verdi"...

Sosial şəbəkəni bu günkü həyatımızın möcüzəsi, istifadə edə bilsək müalicəsi ola biləcəyi barədə dəfələrlə bildirmişəm. Hamımızın şikayətləndiyimiz hakimiyyət, bəxtimizdən hələ ki, bura müdaxilə edə bilmir. Sosial şəbəkə bu gün müxalifət, vətəndaş cəmiyyəti nümayəndələrinin, aktiv ictimai xadimlərin, müstəqil vətəndaşların ixtiyarındadır.

Ona görə də bu gün sosial şəbəkədə baş verən nöqsanlarda hakimiyyəti ittiham etmək böyük haqsızlıq olardı. Günü gündən aktiv, cəmiyyət üçün faydalı ola biləcək insanların sosial şəbəkələrdən uzaqlaşdıqlarının şahidi oluram, əvəzində onların yerini sürətlə və daha uğurla nurlular, atalar və digəriləri tuturlar. Bu gün cəmiyyətə pislikdən başqa heç bir fayda verməyənlərin çıxışlarının baxış, paylaşma saylarına heç bir siyasi partiya, ictimai təşkilat rəhbəri, yaxud müstəqil şəxs çata bilməz. Bu halın böyük bəla olduğunu, qarşısının az müddətdə alınmasının mümkünsüz olduğunu mən də anlayıram.

Bu gün bizim edə biləcəyimiz və qısa zamanda uğur qazana biləcəyimiz halları vurğulamaq istəyirəm. Biz hamılıqla məsuliyyətimizi dərk edib sosial şəbəkələrdəki əxlaqsızlığa, böhtana, yalana qarşı mübarizə aparmalıyıq. Hər birimiz bu mövzuda mövqeyimizi bildirməli, qaraguruhçuları ifşa etməliyik. Qaraguruh deyəndə nədənsə müxalifət nümayəndələri, xüsusilə AXCP-çiləri nəzərdə tutduğumu düşünənlər səhv edirlər. Bura YAP-çı, Musavatçı, AXCP-çi, ümumiyyətlə heç bir partiyanın üzvü olmayan, bütün məsələlərə anlayışı olmasa da rəy bildirən, ağzını açanda üfunət verən, əxlaq, mədəniyyət nə olduğunu bilməyən ayrı-ayrı dairələrə, maraqlara qulluq edən insan sürüləri aiddir.

Bu gün sosial şəbəkələrdə o qədər yalan, böhtan yayılır ki, uzun müddət hüquq mühafizə orqanlarında işləmiş bir insan kimi mən də düzü əyridən ayırmağa çətinlik çəkirəm. Necə mübarizə aparaq sualını da tam cavablandıra bilmirəm. Bildiyim bu günə odur ki, ən azından yalan xəbərləri yayanları ifşa etmək, tərbiyəsizlik edənləri oxumamaq, dinləməmək, bloklamaq, müzakirələrdə aktiv olmaq lazımdır. Elə bir az əvvəl İran yük maşınlarının Dağlıq Qarabağa yardım etməsini əks etdirən videonu "İran aşiqlərinin nəzərinə" başlığı ilə paylaşdım. Dərhal həmin qaraguruh qrup rəy yazdı ki, "Aslan İsmayılov şiələri təhqir etdi". Heç bir araşdırma aparmadan həmin böhtanı əlində bayraq edib təhqir yağdırmağa başladılar. 300 mindən artıq izləyicisi olan səhifə iştirakçıları dərhal belələrini ifşa etmək əvəzinə çoxları susmağa üstünlük verdi.

Hamı bir şeyi başa düşməlidir. Bu səhifədəki fəaliyyətimdən qazanacağım heç nə yoxdur, əksinə həm vaxtımı, sağlamlığımı, bəzən isə pulumu itirirəm. Məqsədim də maarifçilikdir. Məhz həmin qaraguruhçular məni kimiləri sosial şəbəkədən uzaqlaşdırıb burada at oynatmaq, gündəmi diqtə etmək fikrindədirlər. Əgər sosial şəbəkəni maaarifçilik, haqsızlığa qarşı mübarizə platforması kimi saxlamaq istəyiriksə bu hallara yol verməməliyik! (pravda.az)

pia.az