Azərbaycanlı məşqçinin komandası İndoneziya çempionu elan olunub

Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı "Cakarta" (Pertamina) voleybol klubunun İndoneziya çempionu olması rəsmiləşib.

PİA.az apasport.az-a istinadən bildirir ki, bu barədə yerli Voleybol Federasiyası qərar verib.

Onlar müntəzəm çempionatın qalibi olan "Cakarta"nı koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/2020 mövsümünün də ən güclüsü elan ediblər. Nəticədə CEV kubokunun üçüncüsü olmuş Ziya Rəcəbov, həmçinin Azərbaycan millisinin unudulmaz simaları - Natalya Məmmədova və Odina Əliyeva vətənə İndoneziya çempionu kimi qayıdacaqlar.

Əliyeva birinci olmaqla yanaşı, 3 nominasiyada da fərqləndirilib. 30 yaşlı voleybolçu I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib.

Qeyd edək ki, sərhədlər pandemiya səbəbindən bağlı olduğundan Ziya Rəcəbov, Natalya Məmmədova və Odina Əliyeva hələlik İndoneziyadadır.

pia.az