Azərbaycanlı ailənin İsveçrə dramı: Borca girib xaricə getdilər, oradan da qovurlar

Azərbaycanlı ailənin İsveçrə dramı

"5 mart. 2019-cü il. Almaniya polisinə məxsus olan iki maşın səhərin erkən saatlarında İsveçrənin Bazel şəhəri yaxınlığındakı sərhəddi keçdi. Almaniya polisi xüsusi tapşırığı icra edirdi. Onlar Təhməzovlar ailəsini İsveçrə tərəfinə təslim etməliydi. Maşının ön oturacağında 15 yaşlı Rüfət, arxada isə onun atası İsmayıl həyat yoldaşı Ülkərlə yanaşı oturub. Qadın 4 aylıq hamilədir və üstündə alman həkimin verdiyi xüsusi arayış var. Arayışda yazılıb: "Hamiləliyi ağır keçirir. Körpəni itirmək riski yüksəkdir. Ülkər Təhməzova uzaq məsafəyə səfər edə bilməz". Qadın alman həkimin verdiyi rəsmi arayışı Düsseldorfdan çıxmamış alman polisinə göstərdi. Ancaq xeyri olmadı. Maşının arxasında valideynlərin yanında bu ailənin ağır xəstə olan 13 yaşlı oğlu Mirsadıq da xüsusi oturacaqda əyləşib".

2004-cü ildən İsveçrənin Sürix şəhərində yaşayıram. Tədbirlərin birinə dəvət olunmuşdum. Stolun üstündə köhnə qəzetlərdən biri diqqətimi çəkdi. "WOZ" adlanan bu həftəlik qəzet İsveçrədə xüsusi nüfuza malikdir. Düşünün ki, bu qəzetin əməkdaşları-baş redaktordan tutmuş sıravi müxbirinə qədər-hamı eyni məbləğdə maaş alır. Bu qəzet İsveçrədə ən obyektiv mətbuat orqanı kimi tanınır. İsveçrəlilər bu qəzetin hesabına həvəslə pul keçirirlər. Onlar maliyyə asılılığı olmayan "WOZ" üçün hər cür fədakarlığa hazırdır. Təki İsveçrədə hər kəsin inandığı bir mətbuat orqanı ayaqda qalsın...

Əl atıb qəzeti stolun üstündən götürdüm. Bir xeyli vərəqlədim. Bir əngəlli yabançı haqqında yazılmış 2 səhifəlik iri məqalə qarşıma çıxanda, dayandım. "Təhməzovlar ailəsi" ifadəsi diqqətimi çəkdi. Girişdə təqdim etdiyim hissə məhz həmin məqalədən götürülmüşdü. Həmin yazını birnəfəsə oxudum. İsveçrə mətbuatında Azərbaycanla bağlı təsadüfi hallarda nəsə gedir. Bu məqalə isə bir azərbaycanlı ailənin dramını bütün çılpaqlığı ilə ortaya qoymuşdu...

Bəs bu ailə nədən Almaniyadan İsveçrəyə gətirilib? Avropa ölkələrinin qəbul etdiyi "Dublin sazişi" deyilən bir sənəd var. Həmin sənədə görə bu və ya digər səbəbdən mühacir olmaq istəyən şəxs ilk daxil olduğu Avropa ölkəsindən sığınacaq istəməlidir.

Təhməzovlar ailəsi isə İsveçrədə olmayıb. Onlar Azərbaycandakı İsveçrə səfirliyindən alınan viza əsasında İtaliyaya gediblər.

Oradan isə Almaniyaya keçiblər. Niyə belə ediblər? Əvvəla "Dublin Sazişi" haqqında məlumatları olmayıb. İkincisi, Azərbaycanda belə bir stereotip var ki, Almaniya Avropanın ən yaşamalı ölkəsidir. Bəli, Almaniya möhtəşəmdir. Ancaq Avropanın İsveç, İsveçrə, Danimarka, Norveç, Belçika kimi ölkələrində yaşam şərtləri Almaniyadan xeyli üstündür. Böyük ehtimalla, Təhməzovlar ailəsi bunu bilməyib, elə bu səbəbdən də Almaniyaya can atıblar...

İsveçrə qəzeti yazır ki, Mirsadıq körpə vaxtlarından "Hirnhautentzündung" (Meningit - baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi. E.H.) xəstəliyinə tutulub. O danışa, yeriyə, nəyisə tuta bilmir. Qolları və ayaqları qismən iflic olub, spazm və epileptik tutmadan əziyyət çəkir. Azərbaycanda tibbi xidmət aşağı səviyyədədir, dərman və xəstəxanalarda müalicə çox bahadır. Valideynlərin əlil arabası üçün pulu yox idi və ildə iki dəfə həkim evə gəlirdi. Onlar dövlətdən heç bir dəstək almırdı. Ata bir neçə il əvvəl işini itirdiyinə görə ailə borc götürdü və demək olar ki, bütün əmlaklarını sonrakı müalicə üçün satdı. Nəhayət bahalı dərmanlar üçün pul tükənəndə valideynlər Almaniyaya getməyə qərar verdilər və bunun üçün qohumlardan borc aldılar. Onlar ümid edirdi ki, Almaniyada Mirsadığın müalicəsində ciddi irəliləyiş olacaq...

Təhməzovlar ailəsi 2018-ci ilin əvvəlində Düsseldorfda əngəlli yabançılar üçün nəzərdə tutulmuş mərkəzdə qalır. Mirsadığa xüsusi diqqət ayrılır. O, ciddi həkim nəzarəti altında müalicə olunur. Nəticədə uzun fasilədən sonra Mirsadığın müalicəsində irəliləyiş nəzərə çarpır.

Rüfətin də işləri yaxşı gedir. O, qısa zaman ərzində alman dilini yüksək səviyyədə öyrənir. Yerli gimnaziyada təhsil alır.

Az sonra bəlli olur ki, Ülkər xanım hamilədir. "Ailəmiz üçün yeni bir həyat başlamışdı", İsmayıl deyir. Ancaq ailənin bu xoşbəxt çağları tezliklə arxada qalır...

Tezliklə Almaniyanın müvafiq orqanları müəyyən edir ki, Təhməzovlar ailəsi öncə İsveçrədə olub. Elə bu səbəbdən də onlar geri göndərilməlidir. Səhərə yaxın 7 polis onların qaldığı mənzilə gəlir. Mömin müsəlman olan İsmayıl deyir ki, sübh namazı təzə başa çatmışdı ki, polislər içəri daxil oldu. Onlara öz əşyalarını götürüb qablaşdırmağa yarım saat vaxt verildi. Hər şey o qədər qəfil və gözlənilməz oldu ki, hətta ailənin vəkilinə bu işlə bağlı məlumat verilməmişdi.

Çıxarılmış qərarda deyilirdi ki, İsveçrənin səhiyyə sistemi Almaniyadan o qədər də fərqli deyil.

Ancaq İsveçrəyə gəldikdən sonra Mirsadığın vəziyyəti yenidən pisləşdi. Ailə Bazeldəki mərkəzdə 200 nəfərlə bir yerdə qalırdı. İlk 3 ay ərzində Mirsadıqla maraqlanan olmadı. Onun vəziyyəti yenidən pisləşdi. Tez-tez bədənində yaranan ağrılardan dayanamadan qışqırmağa başladı.

İsmayıl və Ülkər almanca danışa bilmirlər. Bu səbəbdən də problemlərini yerli rəhbərliyə anlatmaqda çətinlik çəkirdilər. Ailə yalnız Rüfətin köməyi ilə Mirsadığın yenidən həkim müayinəsindən keçməsinə nail oldu. Mirsadığı uşaq xəstəxanasına yerləşdirdilər. Həkim müayinəsi göstərdi ki, Mirsadığın vəziyyəti kəskin şəkildə pisləşib.

Məqalədə qeyd olunur ki, 2019-cü ilin martında qəbul olunmuş qanuna görə İsveçrədə sığınacaq almaq istəyənlərə qarşı münasibət daha da sərtləşib. Təhməzovlar ailəsinin timsalında biz bunu aydın şəkildə görürük. İş o yerə çatıb ki, bu ailənin zəruri ehtiyaclarına belə məhəl qoyulmayıb. Nəticədə isə Mirsadığın vəziyyəti daha da pisləşib.

Axtarıb bu ailəni tapdım. Telefonla əlaqə saxladıq. Qürbətdə yaşadıqları müsibətlərlə bağlı ətraflı müsahibə verdilər. Müsahibəni həvəslə hazırladım. Ancaq son anda İsmayıl mənimlə əlaqə saxladı. Dedi ki, Bakıdakı tanışımızın belə işlərdən başı çıxır. O deyir ki, "Yeni Müsavat"a qəti müsahibə verməyin. Bu, sizin əleyhinizə işləyər və sizə İsveçrədə oturum verməzlər.

İsmayıl əslən Cəlilabad rayonundadır. 2001-ci ildə Ülkər xanımla ailə qurub və elə o vaxtdan da Bakıda yaşayır. Bakıdakı tanışlarının fikri onlar üçün xüsusi önəm daşıyırdı. Ona görə də hazırladığım müsahibəni silməli oldum.

Bugünlərdə isə Rüfət mənimlə əlaqə saxladı. Xeyli narahat görünürdü. Dedi ki, bizi İsveçrədən çıxarmaq istəyirlər. Vəkilimiz deyir ki, ora-bura yazın, sizi müdafiə edən təşkilatlar, qruplar olsa, mən sizin hüquqlarınızı daha rahat qoruya bilərəm. Əks təqdirdə çətin olacaq.

Jurnalist praktikamda verdiyi müsahibədən son anda imtina edənlər az olmayıb. Bəziləri bir müddət sonra bu və ya digər səbəbdən müsahibəsinin getməsini istəyib. Belələrinə həmişə "yox" demişəm. Sürüşkən mövqeli adamlardan uzaq olmağa çalışıram. Ancaq bu dəfə tərəddüd etmədən bu məsələ ilə bağlı yenidən bir yazı hazırlamağı lazım bildim. Ortada Mirsadıq amili vardı. Ümid edirəm ki, bu yazının Təhməzovlar ailəsinin probleminin həllinə az da olsa müsbət təsiri olacaq.

**

Bu dəfə onlara ünvanladığım suallara 16 yaşlı Rüfət valideynləri ilə məsləhətləşərək cavab yazır. O, bu yaşda ailəsini xilas etmək üçün hər cür fədəkarlığa hazır görünür.

İsmayıl Ülkər xanımla 2001-ci ildə evlənib. Ülkər xanım həmişə ev işləri görüb, İsmayıl isə günəmuzd olaraq fəhlə işləyib. Özünün "lepka" sexi olub.

- Mirsadıqda problem necə yarandı? Dediniz ki, həkimlər yanlış diaqnoz qoydu?

- Uşaq normal doğulmuşdu və 1 yaş 6 ayina kimi heç bur problemi yox idi. Əmim vərəm xəstəsi olub, biz bunu bilməmişik. Bu xəstəlik əmimdən qardaşıma keçib. Birinci qarin ağrısi və qızdırma ilə xəstəxanaya getdik. Orada diaqnozunu səhv qoydular. Hər gün qardaşıma 5-6 dəfə sistem köçürdülər. Xəstəxanaya səhər gedib axsam gəlirdik. Həkimin adi Naibə xanim idi. Günlərin birində uşağı spazma tutdu və həmin gündən qardaşım yataq xəstəsidir...

Nə vaxt mühacirətə getməyə qərar verdiniz? Səbəb nə oldu?

- Atamin işləri pisləşəndən sonra bir tanış dedi ki, qaçqın kimi Almaniyaya gedək, orada bizə kömək edərlər. Qardaşımın müalicəsi və ailəmizin imkansızlığı bizi mühacirətə sürüklədi. 2018-ci ilin marında Azərbaycanı tərk etdik.

- Almaniyaya nə vaxt və necə gəldiniz? Dediniz ki, 1 il orada qalmısız. Sizinlə necə davrandılar? Mirsadiğa necə baxdılar? Hansı diaqnozla müalicə etdilər?

- Birinci, İtaliyaya uçduq. Oradan maşın tutaraq Avstriya üzərindən Almaniyanın Bochum şəhərinə getdik. Mirsadığa lazım olan dərman, pampers, əlil arabasını bizə pulsuz verdilər. Məktəbə və terapiyaya gedirdi.

-İsveçrədə sizi necə qarşıladılar? Mirsadığın müalicəsinə və ananızın səhhətinə diqqət oldumu?

- İsveçrədə şərait çox pis idi. Çirkli bir yerdə qalırdıq. Yeməkləri dadsız-duzsuz idi. Yemək Mirsadığın qabağında qalırdı. Bazelə gələndən sonra 3-4 dəfə anama görə xəstəxanada olduq. Hamiləliklə bağlı "hər şey qaydasındadır", dedilər. Ancaq anam depressiyada idi. Keçirdiyi sarsıntılardan dolayı heç cür özünə gələ bilmirdi. Ağrılardan əziyyət çəkən anama "Dafalgan" verib, başdan edirdilər.

- Körpə ölü doğuldu. Onun dəfni ilə bağlı konkret kiminlə danışdınız və ya hansı təşkilata müraciət etdiniz?

- Əvvəlcə bizə dedilər ki, dəfnlə bağlı bütün işləri yerli icra orqanları həyata keçirəcək. Ancaq sonra meyit ortada qaldı. Bir nəfər mənə türk məscidinin telefon nömrəsini verdi. Gedib onlardan kömək istədik. Türkiyə Dəyanət Vaqfı bu işi öz üzərinə götürdü və körpəni Bazel qəbiristanlığında basdırdıq. Bizə kömək edənlər adlarının çəkilməsini istəmirlər.

- Mirsadığın müalicəsi nə yerdədir? İrəliləyiş varmı?

- Mirsadiq tez-tez xəstəxanada olur, həkim müayinəsindən keçir. Müalicəsində elə bir irəliləyiş yoxdur. Bu arada isə ona yeni əlil arabası almaq istəyirk. Koronavirus araya düşdü, yoxsa məktəbə də gedəcəkdi. Yəqin ki, koronavirus başa çatandan sonra məktəbə gedəcək.

- Ötən dəfə demişdiz ki, jurnalistlərin gələcəyini bilib iki saatın içində sizə ev verdilər. Jurnalistlərə necə müraciət etdiniz?

- Oğlum Rüfət jurnalistlə telefonla danışıb. Onların danışığını eşidənlər rəhbərliyə xəbər verib. Onlar da həmən ev problemimizi həll etdilər. (Bu suala İsmayıl cavab verir)

- Hələ də sizə oturum verməyiblər. Konkret nə deyirlər?

- Aprelin 30-da (2019) bizim oturum almaq üçün etdiyimiz rəsmi müraciətə mənfi cavab verdilər. Deyirlər ki, Azərbaycanda Mirsadığın müalicəsi mümkündür. Orada müalicə üçün gərəkən həkimlər var. Ancaq ola bilər ki, orada Mirsadığa lazım olan diqqət olmasın. Hazırda bu qərara qarşı iddia qaldırmışıq. Anam deyir ki, Azərbaycanda həkim gözümün içinə söylədi ki, Mirsadığın müalicəsi yoxdur, ona bir iyə vurub öldürün, məsələ bitsin...

- Hazırkı vəziyyətinizdən razısınızmı?

- Hər şeydən çox razıyıq. Vəziyyətimiz yaxşıdır. Bizə ev veriblər. Bələdiyyədən də aylıq pul alırıq. Mən özüm hazırda qocalar evində təcrübə keçirəm. Avqust ayından yeni təhsil ilimiz başlayacaq. Həm oxuyacam, həm də işləyəcəm.

- Azərbaycandan Avropaya gəlmək istəyən çoxdur. Siz onlara nə demək istərdiz?

- Kim istəyir, gəlsin. Ancaq əllərində güclü sənədlər olmalıdır. Olmayanda şans sıfırın altına düşür. İnsanlar zülm çəkirlər. Hamı elə bilir ki, biz burada ağacdan pul dərib, yığırıq. Ancaq İsveçrədə stress çoxdur. Adamın psixologiyası pozulur. Daim gərginlik altında olursan. 16 yaşım olmasına baxmayaraq ailəmizin bir çox problemini həll etməyə çalışıram. Anamın psixologiyası pozulub. Hətta Mirsadığa da baxa bilmir.

- Almaniyanın müvafiq orqanları həkim arayışına baxmayaraq sizin ailəni zorla ölkədən çıxarıb. Bu səbəbdən də ciddi problemlər yaşamısız. Uşaq tələf olub, Mirsadığın xəstəliyi şiddətlənib. Buna görə məhkəməyə müraciət etmək haqqında düşünürsüzmü?

- Bu barədə düşünmüşük. Ancaq hələ qərar verməmişik. Hazırda əsas hədəfimiz odur ki, İsveçrədə oturum alaq və bu ölkədə qalaq. Biz bu ölkədə yaşamaq istəyirik. Görək axırı necə olacaq.

Son olaraq onu da deyim ki, bu ailənin İsveçrədən çıxarılması Mirsadığın ölümünə səbəb ola bilər. Ailənin iddialarına görə, belə ağır xəstəliyi olan birisinin Azərbaycanda müalicə olunması praktiki mümkün deyil. Kasıb bir ailə isə belə ağır xəstəyə gərəkən dava-dərmanı almaq gücündə deyil.

pia.az