“Normalda öləsi olanlar, nəinki acından ölmürlər, əksinə lyuks həyatı yaşayırlar”

Bu gün Azərbaycanda heç bir həyasız, utanmaz, şərəfsiz, ləyaqətsiz, normalda öləsi olanlar nəinki acından ölmürlər...

“Milli Məclisə sonuncu seçkilərin və bütün dünyanı lərzəyə gətirmiş Koronavirusun cəmiyyətimiz üçün çox mühüm bir yaxşılığı oldu. 30 il Azərbaycan mətbuatının, müxalifətinin, ziyalı təbəqəsinin görmədiyi işi bu ikisi gördü. Onlar bütün Azərbaycana, o cümlədən hakimiyyətə göstərdilər ki, heç birinin həqiqətən bu ölkədən acından ölənlərdən, dözülməz demirəm, təsəvvür edilməz şəraitdə yaşayanlardan xəbərləri yoxdur”.

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, ən dəhşətlisi və ağrılısı odur ki, bu hakimiyyət və xalq tərəfindən unudulmuşlar elə bu ölkənin ən abırlı, ən sakit, ən təvəzökar vətəndaşlarıdırlar, çünki bu gün Azərbaycanda heç bir həyasız, utanmaz, şərəfsiz, ləyaqətsiz, normalda öləsi olanlar nəinki acından ölmürlər, əksinə lyuks həyatı yaşayırlar: “Onların əksəriyyəti bu ölkədə imtiyaz sahibləri - tanınmışlardırlar. Qalanları isə Səlim Müslümov tərəfindən bir neçə növ təqaüd, müavinət və sair ödəmələrlə təmin ediliblər. Mətbuatın qəhrəmanları da bunlar yox, yuxarıda sadaladıqlarımdır. Bəzi hallarda isə belələri mətbuatla işbirliyində özləri üçün bədbəxt hallardan çox uğurlu biznes də qururlar. Ən əsası isə bu iki hadisə hakimiyyətin uğurlu sosial siyasətinin söz yığını olduğunu və regionlara ayrılmış 70 milyardın mütləq əksəriyyətinin mənimsənildiyini, əhalininin pis durumunu gizlətmək üçün çəkilmiş divarlara, qışda insanların yıxılıb əl-ayağını sındırdığı, yayda istidən üstündə qovrulduqları daş döşəmələrə, ilboyu qapıları qıfıllı qalan mədəniyyət mərkəzlərinə, idman komplekslərinə və s. insanların içinə girmədikləri, ancaq göstərici üçün tikilmiş böyük saraylara xərclənibdir”.(pravda.az)

pia.az