Azərbaycanda niyə maska istehsal edilmir? – Ekspert “ehtiyac olmayıb”, deyir

Dünyanı cənginə alan koronavirus pandemiyasından qorunmaq üçün hamıya tibbi maskalardan istifadə etmək tövsiyə olunur...

Məhz bu səbəbdən apteklərdə yaranan maska qıtlığı bugünədək davam edir. Artıq aptek işçiləri çıxış yolunu qapılara “maska yoxdur” yazmaqda tapırlar. Maraqlıdır, niyə indiyədək ölkədə maska istehsal olunmayıb?

İqtisadçı-ekspert Razi Abbasbəyli Yenisabah.az saytına açıqlamasında bildirib ki, əvvəllər tibbi maskalara tələbat o qədər də yüksək olmayıb, buna görə də maska istehsal edən müəssisənin yaradılmasına zərurət yaranmayıb: “Xaricdən idxal olunurdu və bu da tələbatı ödəyirdi, hətta maskaların maya dəyəri də kifayət qədər aşağı idi. Çünki əsasən, əməliyatlar zamanı istifadə olunurdu. Bu baxımdan tibbi maskalar həm yerli iş adamlarının, həm ticarətdə iştirakçı olan investorların marağında olmayan sahə idi. Koronavirus pandemiyası isə vəziyyəti dəyişdi. Əksər ölkələr tibbi ləvazimat istehsal edən müəssisələrin profillərində dəyişiklik edərək ilk olaraq öz vəziyyətlərini düzəltməyə çalışdılar. Azərbaycanda ümumilikdə tibbi ləvazimat istehsal edən müəssisələr o qədər də çox deyil. Ona görə də daxili potensialla vəziyyətdən çıxmaq mümkün olmadı”. 

Ekspert vəziyyətdən çıxmaq üçün tezliklə istehsal müəssisələrinin yaradılmasına ehtiyac olduğunu, lakin bunun elə də asan iş olmadığını vurğulayıb: “Bizdə tibbi pambıq, tibbi əlcək istehsal edən müəssisələr belə formalaşmayıb. Ona görə də investisiya qoyaraq tibbi maska istehsal edən müəssisə yaratmaq qısa zamanın işi deyil. Bunun üçün həm xammal, həm də müvafiq avadanlıqların quraşdırılması tələb olunur və eyni zamanda da bu sahədə fəaliyyət göstərəcək mütəxəssislərin olmasına ehtiyac var. Bunların həyata keçməsi üçün vaxt lazımdır, asan deyil. İş adamları tibbi maska istehsal edəcək müəssisəyə ona görə investisiya qomaq istəmirlər ki, pandemiya bitdikdən sonra müəssisə öz davamlılığını itirə bilər”.

pia.az