“Ötən il meşə yanğınlarına səbəb olan 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib”

Bu gün saat 14:00-da Oğuz rayonunun Xaçmaz kəndi ərazisində vətəndaşlara məxsus torpaq sahəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Yanğın Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb...
###reklam250###

Bu barədə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, yanğın ani ehtiyatsızlıq səbəbindən baş verib:

“Sözügedən ərazidə baş verən yanğın 50 sot sahədə quru ot örtüyünün yanmasına səbəb olsa da, meşə təsərrüfatına ziyan dəyməyib. Araşdırma zamanı yanğının kənd sakinləri Vidadi Umarov və Mikayıl Cabbarovun qaydalara əməl etməməsi səbəbindən baş verdiyi məlum olub. Belə ki, onlar əkinə hazırladıqları torpaq sahəsinə od vuraraq yandırıblar. Yanğın külək nəticəsində meşə ərazisinə keçib.

Operativ şəkildə yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və meşə təsərrüfatına ziyan dəyməsinə yol verilməyib. Qaydalara əməl etməyərək yanğın törətmiş şəxslər barəsində qanununamüvafiq tədbir görülüb. Həmin şəxslərə yol verdikləri nöqsanın cinayət məsuliyyəti yaratdığı barədə xəbərdarlıq edilib”.

İ.İbrahimova məsələ ilə bağlı ETSN adından torpaq istifadəçilərini, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşları diqqətli olmağa çağırıb:

“Nazirlik adından fermerlərdən, kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlarımızdan xahiş edirik ki, əkin sahələrinə, torpaqlara od vurmasınlar. Bu, meşə üçün təhlükəlidir. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsinin, təbii mühitin məhv olmasına, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətlərə yol aça bilər. Nazirlik torpaq istifadəçilərinə bir daha xəbərdarlıq edir ki, meşə sahələrində yanğına səbəb olma və yanğına səbəb olan hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır. Ötən il bu səbəbdən 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

pia.az