Pentaqonun hesabatları: ABŞ müttəfiq axtarır, yoxsa kölə?

Qərbin narahat olduğu məsələ Türkiyənin qütbləşməsi deyil, bu qütbləşmənin öz istədiyi şəkildə olmamasıdır...
###reklam250###

Qaffar Yakınca

“Aydınlık” qəzeti, Türkiyə, 2 yanvar 2020-ci il

“Rand Corporation”ın Pentaqona bağlı olan 276 səhifəlik Türkiyə hesabatı ABŞ-ın Türkiyəyə baxışına dair ciddi detalları üzə çıxarır. Lakin əvvəlcə hesabatın Türkiyənin daxili siyasətindəki bir mübahisəni bitirdiyini təsbit etmək lazımdır. Bəzi müxaliflərin hələ də iddia etdiyi “Ərdoğan hökuməti ilə ABŞ arasında əsl qarşıdurma olmayıb” tezisinin səhv olduğu artıq sübut edilib. Artıq bir çox amerikalının ciddi problemlər olduğunu etiraf etməsindən sonra bu vəziyyəti kənara qoymaq lazım gələcək.

Əsas problem milliyətçilikdir

Hesabatdakı ən vacib detallar, əslində, hesabatın adında gizlənib. Türkiyənin düşdüyü “səhv yol” hesabatın əvvəlində “Türkiyənin milliyyətçi mövqeyi” ilə əlaqələndirilir. Bu, ideoloji bir göstəricidir. Uzun müddətdir Qərbin düşüncə mərkəzləri milliyətçiliyin birbaşa olaraq faşizmə yönəldildiyi işlərə imza atıblar. Milliyyətçiliyin süqutu Qərbin ən vacib ideoloji hədəfi hesab edilir.

Çünki bütün dünyada qloballaşma əleyhinə yüksələn milliyətçilik imperializm üçün bir kabusdur. Makronun “milliyətçilik deyil, vətənpərvərlik” sözlərinin necə kifayətsiz qaldığını xatırlayın. Liberal sistem getdikcə yüksələn Şərqlə mübarizə apararkən, digər tərəfdən də öz daxilindən gələn milliyətçi təzyiqlərə müqavimət göstərir. Millətlərin oyanışı qarşısında baş verən ideoloji çatışmazlıqlar vəziyyəti bu hala gətirir.

İndi Türkiyədəki bəzi insanlar milliyətçilik fobiyasını da bu perspektivdən görmək lazımdır.

Hesabatdakı bir başqa əhəmiyyətli detal da Türkiyədəki “qütbləşmə” ilə əlaqədardır. Hesabat əsas olaraq “Türkiyə dərin şəkildə qütbləşib” deməklə, əslində, Türkiyənin əsas çəkişməsi hesab olunan kemalist (atatürkçü) sekulyarizmlə islamçılıq arasındakı gərginliyin ikinci plana atıldığını bildirir. Hesabata görə, bunun əsas səbəbi Ərdoğanın ətrafında milliyətçi birliyin yaradılması ilə əlaqədardır. Deməli, Qərbin narahat olduğu məsələ Türkiyənin qütbləşməsi deyil, qütbləşmənin öz istədiyi şəkildə olmamasıdır.

Perinçek və Baxçalı

Hesabata görə, Türkiyənin bu vəziyyətə gəlməsinin əsas səbəbkarı, Ergenekondan “xilas olmuş” olan əsgərlər, Perinçek qrupu və MHP-dir. Bu təsbit Türkiyədəki müxalifətin niyə AKP-dən çox, Baxçalı və Perinçekə təzyiq göstərdiyini izah edir. Dövlət Baxçalı və Doğu Perinçekə qarşı aparılan qara piarın kökü Pentaqon və MKİ-dən gəlir.

“İçəridəki” adamlar

Hesabatdakı ehtimallardan biri Ərdoğan iqtidarının davam etməsinə baxmayaraq, Türkiyənin ABŞ bucağında qalması ilə bağlıdır. Əslində, amerikalıların ən çox arzuladığı ssenari CHP, HDP/PKK və “İyi” Partiyası komandasının hakimiyyətə gəlməsinə əsaslanır. Hesabatda deyilir ki, əgər belə bir şey baş tutsa, Türkiyə-Amerika münasibətləri yenə əvvəlki kimi olacaq. Lakin görünür ki, belə bir hal olmasa belə, ABŞ Ərdoğanı milliyətçi mövqedən çəkindirərək münasibətləri normal vəziyyətdə saxlamağa çalışır. Məruzədə bu istəyin nə ilə bağlı olduğu qeyd edilməyib, lakin amerikalıların hələ də içəridəki bəzi adamlardan gözləntisi olduğunu başa düşmək çətin deyil.

Kölə-sahib münasibəti

Alexandr Dugin keçən dəfəki yazısında: “ABŞ-ın heç bir dostu yoxdur, yalnız kölələr və düşmənləri var" deyib. Həqiqətən, bu hesabata baxdıqda görünür ki, burada bir müttəfiqlə münasibətləri bərpa etməkdən çox, köhnə bir qulun yenidən köləyə çevrilməsi müzakirə edilir. Bu baxımdan, məsələn, Türkiyə-İran-İraq münasibətlərinin təhlil edildiyi hissədə kürdlərin yaşadığı bölgələri göstərən xəritədə maraqlı bir detal var. Xəritədə mövzu ilə birbaşa əlaqəsi olmasa da, 1919-cu il Paris konfransında tələb olunan Kürdüstanın sərhədləri qalın qırmızı xətlərlə göstərilib. Bu, ABŞ-ın yaratdığı kölə psixologiyasını başa düşmək baxımından önəmlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az