Təyyarə qəzasında ölənlərin əksəriyyəti İranda dəfn ediləcək

Ukraynaya məxsus “Boeing737-800” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların əksəriyyəti İranda dəfn ediləcək...
###reklam250###

Bu barədə Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin prezidenti Yevgeni Dıxne mətbuat konfransında bildirib. Onun sözlərinə görə, cəsədlər dörd müxtəlif xəstəxanada saxlanılır. Vətəndaşlıqlarından asılı olmayaraq, qohumları İranda yaşadıqları üçün qəza qurbanlarının çoxu orada dəfn ediləcək. Ukrayna vətəndaşlarının cəsədləri isə vətənlərinə gətirilə bilər.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 İran, 63 Kanada, 10 İsveç, dörd Əfqanıstan, üç Almaniya və üç Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələrinin Baş qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb. (azərtac)

pia.az