İngiltərə “dərin qüvvələri” ilə yenidən səhnədədir…

Sonuncu seçkilərdə Boris Consonun liderlik etdiyi Mühafizəkarlar Partiyasının rəqibi olan İşçi Partiyasını məğlub etməsi sadə bir seçki uğuru deyildi...

Süleyman Seyfi Öğün“Aydınlık” qəzeti, Türkiyə, 26 dekabr 2019-cu il

Bu zəfər həm də az bir fərqlə qəbul edilmiş BREXİT-in ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəkləndiyini göstərir. Onsuz da keçən vaxt ərzində insanlarda BREXİT-lə bağlı peşmanlıq yaranıb. Yəni əgər ayrı-seçkilik yaradan düşüncələr dəyişmiş olsaydı, seçkinin nəticəsi fərqli ola bilərdi. Görünür, mühafizəkarlar ictimaiyyətdəki tendensiyanı yaxşı başa düşdüyü üçün seçkiyə gediblər. Bu nəticə mühafizəkarların uğuru olmaqla yanaşı, həm də cəmiyyətin BREXİT məsələsindəki fikirlərinin dəqiqləşmiş olduğunu göstərir.

Bəs bu mənzərəni necə qiymətləndirmək olar? İlk şərhlərə görə, Conson və Tramp arasındakı mühafizəkar düşüncə bağlılığına, hətta fiziki bənzərliyə əsaslanan bir Anqlo-Sakson ittifaqı meydana çıxıb. Lakin şişirtməmək lazımdır. Tramp da, Conson da AB-ni və Avro-Amerika düşüncəsini sevmir. Avro-Amerikanizm Demokratların dizaynı idi. Respublikaçıların əksəriyyəti 2 qitə arasında Demokratların irəli sürdüyü Ticarət Müqaviləsinə qarşı çıxırdı. Trampın gəlişi ilə Avro-Amerikanizm kənara atıldı.

Britaniyada da, xüsusilə İşçi Partiyasının ətrafında Avro-Amerikanizmi tələb edənlər vardı. Lakin bu yanaşma Britaniyanın əsas siyasətlərini təmsil etmir. Avropalılıq kimliyi tarixi cəhətdən Britaniyanın tərəddüdlə qarşıladığı bir fikir idi. Britaniya növbə ilə İspaniya, Hollandiya, Fransa və Almaniya ilə rəqabətə girərək və qalib gələrək mövcud olub. Qitə Avropası “British” düşüncəsinə görə, ortaq kimlik deyil, rəqabət və təhdid mənasına gəlir. Buna görə də, Britaniyanın Avropalılıqdan istefa verməsi fikri ilə tam razılaşmaq olmur. Britaniyanın bütün investisiyaları dənizlərlə bağlıdır. Bir tərəfdə quru yolu siyasətləri ilə dəniz yolu siyasətləri arasında sıxışıb qalmış və son təhlildə quru yol siyasətlərinə üstünlük verən Fransa var. Digər tərəfdə isə qapalı Baltikdən başqa heç bir dəniz təcrübəsi olmayan Almaniya var. Buiki ölkə ilə eyni kimliyə sahib olmaq Britaniya ruhuna ziddir. Britaniya özünü ABŞ-a və dəniz hakimiyyətinə daha yaxın hiss edir. Böyük Britaniyanın AB macərasını bir növ uydurma kimi qiymətləndirənlərin haqlı olduğunu düşünürəm. Bu addımın daha çox Britaniyanın AB-yə nəzarət etmək arzusu ilə bağlı olduğunu düşünürəm.

Böyük Britaniya Fransa və Almaniyanın mənimsədiyi Avropalılıq kimliyini bir nişan kimi daşıyıb. AB iqtisdiyyatında isə maddi cəhətdən iştirak etməyib. Həmçinin, Birliyin genişlənməli olduğunu müdafiə edib. Bu siyasətin, əslində, AB-yə nəzarət etmək cəhdləri olduğu bu gün ortaya çıxır. Yəni ki, BREXİT bu tarixi uydurma proseslərinin son halıdır.

Görünür, Böyük Britaniyanın artıq zəifləmiş AB-də qalmasının heç bir mənası yoxdur. Əlbəttə, bu ayrılığın Britaniya üçün bəzi bədəlləri də olacaq. Amma bunların çox da dəhşətli olmadığı bizə məlumdur.

Consonla Tramp ortaqlığının gələcəyi necə olacaq? Hər iki lider də eyni dərəcədə Avro-Amerikanizm və qloballaşma əleyhinədir. Bu gün qloballaşmanın başında kommunist Çin dövlətinin olduğunu nəzərə aldıqda Trampın siyasətlərini başa düşmək olur. Tramp, əsılində, qloballaşmanı pisləyərək Çini hədəfə qoyub. Trampın gözündə əsl Amerika anlayışı olan “qloballaşma” artıq ABŞ-ın əleyhinə işləyir.

Qloballaşma oyunun son mərhələsi, bildiyimiz kimi, Çinin “Bir Kəmər Bir Yol” layihəsidir. Bu layihə ən başda Avropa-Asiya vasitəsilə irəliləyir. O halda belə bir nəticəyə gələ bilərik: Bu gün anqlo-saksonluq ilə avrasiyaçılıq arasında potensial bir gərginlik olmalıdır. Bu, Pentaqonun fikridir. Pentaqon həm Asiyanı, həm də Avropanı əzmək istəyir və bunun üçün Rusiya ilə Türkiyəni də işin içinə qataraq bəzi ortaqlıqlar yaratmağa çalışır. Conson isə yüksələn Rusiya-İngiltərə gərginliyini bitirəcəyini açıqlayıb. Deməli, o da bu prosesə qoşulacaq və Anqlo-Sakson ittifaqının məsələləri də bundan sonra başlayacaq.

Bundan sonra Şərqi Aralıq dənizi və Yaxın Şərqdə İngiltərənin təsirini çox görə bilməyəcəyik. Bu ortaqlıqla yanaşı, rəqabətə də təkan verə bilər. Bu bölgələrdə ABŞ və Böyük Britaniya arasında bir siyasi rəqabət başlansa, heç təəccüblü olmaz.

Digər məsələ isə Consonun Trampa qloballaşma əleyhinə olduğunu deməsidir. Conson Çin məsələsində Tramp qədər sərt deyil, hətta bir xeyli müsbət düşüncələri var. Məsələn, “Huawei” məsələsində Böyük Britaniya ilə ABŞ razılaşa biləcəkmi? Bunu dəqiq bilmirik. Lakin onu bilirik ki, Consonun gəlişi təsadüfi deyil. İngiltərə “dərin qüvvələri” ilə yenidən səhnədədir…

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az