Hafiz Hacıyev icra başçısı olan qohumu barədə: “Qələt edib deyir ki, guya kirayədə qalır”

Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxağın biridir...
###reklam250###

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib.

Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlama tamamilə yalandır:

“Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki o, bədbəxt adamdır. Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək. Mən onun əmlakları haqqında yayılan siyahıya baxmışam. Doğrusu, o siyahıda da reallıqdan uzaq məqamlar var. Mən düşünmürəm ki, onun bu qədər var-dövləti olsun. Ancaq Vilyam Hacıyevin kirayədə qalması da yalan məlumatdır. O qələt edib deyir ki, guya kirayədə qalır. Bu, ağ yalandır. Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var”.

Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxağın biridir:

“Onda elə ağıl yoxdur ki, xarici ölkələrdə bahalı mülkləri olsun. Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın! Bildiyimə görə, onun Gəncədə dədə-baba bir evi var. Vilyam Hacıyev həmin evi təmir etdirib. Bilirsiniz, o bədbəxt və onun-bunun üçün işləyən adamdır. Mən Vilyam Hacıyevin özü üçün yaxşı gün ağlamasına inanmıram”.

pia.az