Qusman: "Mehriban Əliyeva Azərbaycanda rus dilinin inkişafına böyük əhəmiyyət verir"

Rus dilinin humanitar ünsiyyət vasitəsi kimi inkişafında Heydər Əliyev Fondunun da çox böyük rolu var...
###reklam250###

“Hələ Heydər Əliyev rus dilinin rolunu, beynəlmiləl ünsiyyət vasitəsi kimi əhəmiyyətini çox yüksək qiymətləndirib, çox vacib hesab edib. Həm Azərbaycan Sovet respublikasına rəhbərlik etdiyi illərdə, həm də sonradan Azərbaycan müstəqil ölkənin prezidenti olduğu vaxt rus dilinin Azərbaycanda ünsiyyət vasitəsi olaraq qalması üçün çox işlər görüb”.

Bunu “Report”un Rusiya bürosuna Rusiyanın tanınmış jurnalisti, "TASS" İnformasiya Agentlyinin baş direktorunun birinci müavini, əslən bakılı Mixail Qusman bildirib.

“Ölkədə heç bir rus məktəbinin bağlanmaması, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyət göstərməsi, ali məktəblərdə rus dilinin tədris olunması prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Rus dilinin humanitar ünsiyyət vasitəsi kimi inkişafında Heydər Əliyev Fondunun da çox böyük rolu var. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva buna nəinki böyük əhəmiyyət verir, həm də rus dilinin inkişafına dəstək verən bir çox tədbirlər keçirir. Elə Rusiya Federasiyasına son səfəri, prezident Vladimir Putinlə görüşü zamanı Mehriban xanımın ölkələrimiz arasında mədəni, humanitar əlaqələrin inkişafına, o cümlədən Azərbaycanda rus dilinə verdiyi dəstəyə görə Rusiyanın ali mükafatı olan Dostluq ordeninə layiq görülməsi heç də təsadüfi deyil” – deyə rusiyalı jurnalist qeyd edib.

pia.az