Əl-Bağdadi tuneldə 3 uşağı ilə birlikdə ölüb

Onun yerini Amerikaya kürdlər nişan verib
###reklam250###

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin dünən gecə ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. CNN prezidentin çıxışının bəzi detalların açıqlayıb. Əməliyyat haqqında danışan prezident deyib ki, ABŞ hərbçiləri Rusiyanın nəzarətində olan Suriya ərazisinin üzərindən uçmalı olublar. Əməliyyata Rusiya da dəstək verib.

Ağ Evdə keçirilən mətbuat konfransı zamanı prezident jurnalistlərə deyib ki, Əbubəkr əl-Bağdadi bir neçə həftə ərzində nəzarət altında olub.

Prezident hərbi əməliyyatı öz otağından canlı olaraq izləyib. O, bu əməliyyatın "son dərəcə təhlükəli bir missiya" olduğunu vurğulayıb.

Açıqlamasında Tramp missiyaya kömək etdiyi üçün Rusiya, Türkiyə, Suriya, İraq və Suriya kürdlərinə təşəkkür edib. Suriyalı kürdlərin ABŞ-a faydalı məlumat verdiyini söyləyib.

"ABŞ xüsusi əməliyyat qüvvələri gecə vaxtı təhlükəli missiyanı cəsarətlə, həm də möhtəşəm bir üslubda yerinə yetirdi. Onlar inanılmaz səviyyədə məharət göstərdi. Əməliyyat zamanı heç bir itki vermədik. Ancaq çox sayda terrorçular öldürüldü".

Tramp deyib ki, İŞİD lideri tunelə girəndən sonra ağlayıb və qışqırıb: "İtlərimiz isə onu təqib edirdi. Tuneldə qalan yalnız Bağdadi və onun üç uşağı idi. Bağdadi özünü parlatdı və 3 uşağı ilə birlikdə öldü. On bir gənc və uşaq isə evdən çıxarıldı. Onlar xəsarət almayıb”.

Prezident onu da söyləyib ki, bu informasiya ciddi şəkildə gizli saxlanılıb. Yalnız əməliyyatda yer alan insanlar nəzərdə tutulan plandan xəbərdar olublar. Hətta konqresmenlər belə bu işdən xəbərsiz qalıb. Çünki infomasiyanın kənara çıxması ciddi itkilərə səbəb ola bilərdi.

Prezident onu da vurğulayıb ki, terrorçunun cəsədi müayinədən keçib və aparılan testlər ölənin məhz Bağdadi olduğunu təsdiq edib.(musavat.com)

pia.az