Ukraynanın yeni baş naziri məlum olub 

Ukraynada yeni hökumətin formalaşdırılması istiqamətində işlər davam edir
###reklam250###

Uzun sürən müzakirələrdən sonra ölkə prezidenti Vladimir Zelenski baş nazir postuna əsas namizədini müəyyən edib.

Prezidentin “Sluqa Naroda” (Xalqın qulluqçusu-red.) Partiyasındakı mənbələrdən mətbuata sızan məlumata görə, Zelenski hakimiyyətində baş nazir postunu Aleksey Qonçaruk tutacaq. Bir müddət əvvəl çoxlarının Zelenskinin himayədarı hesab etdiyi milyarder İqor Kolomoyski də Qonçarukun adını çəkərək, onun əsas 5 namizəddən biri olduğunu demişdi. Son məlumatlarda isə deyilir ki, Zelenski qərarını qətiləşdirib və məhz Qonçarukun üzərində dayanıb.

İxtisasca hüquqşünas olan 33 yaşlı Qonçaruk Ukrayna tarixində ən cavan baş nazir olacaq. Hazırda Zelenski administrasiyasında sədr müavini postunu tutan Qonçaruk iqtisadi bloka görə cavabdehlik daşıyır.

Bundan öncə isə o, iri investisiya və hüquq şirkətlərində çalışıb. Daha sonra iqtisadi inkişaf və ticarət nazirinin məsləhətçisi vəzifəsini daşıyıb. Siyasi karyerası o qədər də uğurlu olmayan Qonçaruk 2014-cü ildə keçirilən parlament seçkilərində 28 yaşındaykən deputatlığa namizədliyini verib. Lakin onun təmsil olunduğu “Sila Lyudey” (İnsanların gücü-red) Partiyası seçicilərin cəmi 0.11 faiz səsini qazana bilib və parlamentə düşməyib.(“AzPolitika”)

pia.az