"Azərbaycan Dəmir Yolları" QSC-nin tərəfdaşı olmuş şirkət ləğv edilir   

Beynəlxalq korrupsiya qalmaqalına görə
###reklam250###

Bu gün, avqustun 8-də "Trans-Siqnal-Rabitə" MMC könüllü ləğv olunduğunu elan edib.

Demokrat.az xəbər verir ki, sənədlərə görə, o, Bakı-Böyük Kəsik dəmir yolu boyunca siqnal sistemlərinin alınmasında və quraşdırılmasında iştirak edib (503 km) və "Bombardier Transportation" şirkəti ilə korrupsiya sövdələşməsində olub.

Kreditorlara göndərilən bildirişdə deyilir ki, onlar tələblərini bu ünvana təqdim edə bilərlər: Bakı şəhəri, Natiq Əliyev küç, ev, 46, mənzil 75.

Jurnalist araşdırmasında göstərilir ki, İsveçin "Bombardier Transportation" şirkəti özünün rus törəməsi ilə birgə Azərbaycanda iş aparmaq üçün bir konsorsium qurub. "Trans-Siqnal-Rabitə" MMC yerli tərəfdaş seçilib.

Tərəflər "Azərbaycan Dəmir Yolları" QSC ilə 340 milyon dollar məbləğində müqavilə bağlayıb.

"Trans-Siqnal-Rabitə" MMC-nin bu layihədəki payı 44 milyon manat təşkil edib. Sonradan məlum oldu ki, bu vəsaitlərin bir hissəsi ofşor hesablara köçürülməklə mənimsənilib.

"Trans-Siqnal-Rabitə" MMC-nin hüquqi ünvanı (2008-ci ilin aprel ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndində Elxan Zohrab oğlu Əliyev tərəfindən təsis edilib) Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan kəndindəki mənzillərdən biridir. Bu mənzildə bir neçə digər hüquqi şəxs qeydiyyata alınıb ("Meqabayt" MMC, "Genser-Panel" MMC, "Real-Biznes-R" MMC, "Universal-2009" MMC, "Simurq 2009" MMC, "Titan 2009" MMC və "DİA-A" MMC). Bunların bəzilərinin adları dövlət satınalmalarında çəkilir. (Turan)

pia.az