Trampdan daha təhlükəli olan ingilis patron: Boris Conson

İngiltərədə seçicilər həmişə kənardan gülməli görünən siyasətçilərə aldanırlar və ciddi bir hadisə olana qədər onlara fikir vermirlər.

Patrick Cockburn“The Independent” qəzeti, ABŞ, 22 iyul 2019-cu il

Boris Consonun Baş nazir olmaq yolundakı yüksəlişi yumşaq bir çevrilişin nəticəsi ola bilərmi? Donald Trampın qaradərili 4 Konqres üzvünü irqi səbəblərlə "şeytan" damğası vurması onun Mussolini və Hitler kimi bir faşist lider olduğunu sübut edirmi? İngiltərədəki siyasi proseslər ABŞ-dakı prosesləri, ABŞ-dakılar isə İngiltərədəki prosesləri təqlid etdiyi üçün hər iki suala birlikdə cavab vermək lazımdır. 1980-ci illərin Tetçer-Reyqan dönəmləri bu çarpaz duruma bənzəyirdi. 2016-cı ildə isə ingilis seçici az fərqlə BREXİT-i qəbul etdikdə və amerikalı seçicilər də Trampı prezident olaraq seçdikdə bu durum yenidən ortaya çıxdı.

Demaqoq, populist, milliyətçi liderlərin 1920-30-cu illərdə yüksəlməsi ilə müşayiət olunan “yumşaq çevrilişlər” barədə hay-küyə və bənzərliklərə qarşı hər zaman təmkinli olmuşam. Lakin o dönəmlə müasir dünyamız arasındakı bənzərliklər getdikcə daha da təhlükəli olmağa başlayır. Tramp və Consonun rəhbər olarkən bir çox çətinliklə qarşılaşacağını öncədən görənlər bir çox məsələni səhv başa düşüblər.

Öncədən görüldüyü kimi, əgər Conson Baş nazir seçilsə, bundan sonra demokratik seçkilər məhdud şəkildə keçiriləcək. Namizədlər Mühafizəkarlar Partiyasının 160 min üzvü arasından seçiləcək və bu üzvlərin də yarısından çoxunun yaşı 55-dir, 38%-nin isə yaşı 66-nın üzərindədir. Conson başqa bir mühafizəkar liderin - Tereza Meyin seçilmiş hökumətinə rəhbərlik edəcək və Şimali İrlandiyanın təriqətçi siyasətinin məhsulu olan Protestant partiyasının səslərinə etibar edəcək.

Consonun dəstəkçiləri bildirirlər ki, mənasız və uydurma ifadələr ciddiyə alınmamalıdır və Conson vəzifəyə gəldikdən sonra daha normal bir missiya nümayiş etdirəcək. Buna etibar etmirəm. Çünki Vaşinqtonda eyni şeyi Tramp üçün də iddia edirdilər ki, guya o, Ağ Evə gəldikdən sonra daha ağıllı şəkildə hərəkət edəcək. Şərhçilər unudurlar ki, xariciləri və azlıqları daşlayaraq, rəqiblərini xəyanətdə ittiham edərək qalib gəldiyinə inanan liderlər bu cür yollardan imtina edən deyillər.

Tramp isə əksinə, ağ olmayan amerikalı siyasətçilərə hücum edib, onları amerikalı olmayan və Amerikaya nifrət edən insanlar adlandırarkən, ölkəni tərk etməli olduqlarını vurğulayarkən bu durumu daha da çətinləşdirib. Tramp hədəf aldığı 4 Konqres üzvü qadından biri olan İlhan Ömərə qarşı izləyicilərini Şimali Karolinadakı bir mitinqində nifrət dolu şüarlara təşviq edərək artıq irqçi nifrət yaratmaqda sərhədsiz olduğunu göstərib.

Trampın nitqindən bir neçə gün sonra Kaninq Taunda Conson AB tənzimləmələri ilə boğuşan kiçik bir sahibkarın hekayəsini danışırdı. Bu hekayə Consonun 1989-1994-cü illərdə “The Daily Telegraph” qəzetində müxbir kimi başladığı karyerası vasitəsilə uydurduğu maraqlı bir hekayə idi. Lakin sonra AB-ni İngiltərənin pulunu istismar edən bürokratik bir canavar kimi göstərən hekayələrin yalan olduğu ortaya çıxdı. Amma bu hekayələr yeni liderlərini seçəcək olan Mühafizəkarlar Partiyasının üzvlərini o qədər hipnoz edib ki, ifşaların da çox təsiri olmadı.

Trampın da Şimali Karolinadakı zəhərli demaqoqluğu bir çox insanı özünə cəlb etməklə yanaşı, həmçinin, etirazlara da səbəb olub. Buna qarşılıq olaraq, Consonun AB əleyhinə olan hekayəsinin də sadəcə bir az kəskin olduğunu deyərək zarafata saldılar və bir daha “Borisin oyun kartı kimi” olduğunu və ciddiyə alınmamalı olduğu düşündülər.

Düşünürəm ki, Consonun mövqeyi Trampdan daha hiyləgər və təhlükəlidir.

İngiltərədə seçicilər həmişə kənardan gülməli görünən siyasətçilərə aldanırlar. Naycl Fərəc də hər şeyi məsxərəyə qoyaraq bu ictimai rolu üzərinə götürmüşdü. Conson və Fərəc seçicini özlərinə inandıran "Falstaff"-çılıqda ustalaşmış siyasi fiqurlar ənənəsinin bir parçasıdırlar. Bu taktikanın uğurlu örnəkləri arasında İşçi Partiyasında sərxoşluğu ilə məşhur olan Prezident müşaviri Corc Braun və 8 yaşa qədər uşaqları cinsi və fiziki olaraq istismar etdiyi təsdiqlənən, liberal millət vəkili Sirl Smit də var idi (onun əleyhinə 144 şikayət idi, amma buna rəğmən heç qovulmadı).

Consonla Trampa da heç bir zərər dəymir, çünki insanlar onları bir hadisə baş verənə qədər ciddiyə almayacaqlar. Lakin onlar 1920-30-cu illərin faşist liderləri ilə eyni siyasi və emosional prinsipə malikdirlər. Eynilə Hitlerin yəhudiləri günahlandırması kimi onlar da Brüsseli ittiham edən AB əleyhdarlarının qloballaşma əleyhinə olmasından güc alan milliyətçi populist hərəkatlara liderlik edirlər. Qobels: “Qoruyucu bir divar inşa etmək istəyirik”, demişdi.

“The New York Times” qəzetinin 31 yanvar 1933-cü il tarixli - Hitler rəhbər olandan bir gün sonra - nüsxəsinə baxmaq lazımdır. Çünki orada da anlayışlı, amma sadəlövh bir insanın riskləri necə yanlış hesabladığını görmək mümkündür. Yazıçı yeni alman liderin “əgər kampaniya nitqlərində dediyi vəhşi sözləri siyasi fəaliyyətində əks etdirsə”, ölkənin məruz qalacağı daxili vəziyyəti əks etdirirdi.

Məqalədə deyilirdi ki, almanların bir çoxu ümidlə “əhliləşmiş” bir Hitler gözləyir. Ümumiyyətlə: “Radikal bir demaqoq məsuliyyət tələb edən vəzifəyə gələrkən ondan hər zaman böyük bir dəyişiklik gözləmək olar”, deyərək qorxunc gözləntiləri daha da artırırdı.

“İqtidardakı yeni adamın alman xalqını qaranlığa doğru atılmağa məcbur edəcək təşviqatçı olduğu dəqiqləşənə qədər bir nəticəyə gəlmək düzgün olmaz”.

Trampın nitqləri Consonun dediyi hər şeydən daha davakar və qorxuncdur, lakin Conson ondan daha təhlükəli ola bilər. Bunun səbəbi isə odur ki, Tramp bütün hücumlarında reallığa əsaslanır və ehtiyat etdiyi üçün hələ ki, heç kimlə savaşmır. “Amerikanı yenidən möhtəşəm edəcəyəm”, demək onun üçün çox asandır. Çünki ABŞ-ın gücü azalsa belə, hələ də dünyanın ən güclü dövlətidir.

Əgər Conson Baş nazir olsa, yolu daha da çətinləşəcək. Çünki İngiltərənin dünyadakı gücü uzun müddətdir ki, İngiltərə vətəndaşlarının və xüsusilə də, Mühafizəkarlar Partiyası üzvlərinin hiss elədiyindən daha zəif durumdadır. Üstəlik, 27 AB dövlətinə qarşı durmaq onu daha da zəiflədəcək. Alternativ bir siyasət isə bu dönəmdə ancaq ABŞ-a daha çox yaxın olmaqdan keçir. İngiltərə İranla davam edən çəkişmələrdə ABŞ-la iş birliyi edərkən, eyni zamanda ABŞ-ın tərəfdaşı kimi hədəf olmamağa çalışır və bununla da, önündəki yolu daha da təhlükəli hala salır.

Artıq dəqiqdir ki, Tramp Amerikanı bölür. Lakin aydın məsələdir ki, Amerika hər zaman irqçiliyə və köləlik ənənəsinə görə bölünmüş vəziyyətdə olub. 160 il əvvəlki Vətəndaş Müharibəsində baş verən bölünmələr bu günkü Amerikanın siyasi strukturunu formalaşdırıb.

İngiltərədə isə BREXİT-lə əlaqədar olaraq yaranmış siyasi qütbləşmə hələ ki, yenidir və daha da dərinləşir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az