Bakıda gənc rəssamın sərgisi keçirilib - FOTO

"Bu sistemin tək məqsədi Dəccalı üzə çıxarmaqdır. Bibiliyada və Quranda yazılana görə, Dəccal insan bədənində gələcək. Eyni şəkildə burada da insanlar kor baxır"

Bakıda gənc rəssamın ilk sərgisi keçirilib. Qərb Kollecində dizaynerlik üzrə təhsil alan 3-cü kurs tələbəsi Aslanov Abdullanın sərgisi xüsusi bir maraqla qarşılanıb. Gənc rəssam öz rəsmlərində etirazı əks etdirməyə çalışıb və öyrəndiyimiz qədərilə həmçinin bir rok qrupunun da yaradıcılarındandır. PİA.az-ın əməkdaşının gənc rəssamdan götürdüyü kiçik bir müsahibəni təqdim edirik.

- Abdulla, ilk növbədə ilk sərginizin xeyirli və uğurlu olmasını diləyirik və burada sizə olan diqqətin də əsas memarı kimi parlayan yaradıcılıq yolunuz olduğunu düşünürəm. Əsərlərə baxdım və bununla bağlı bir neçə sualım ortaya çıxdı. Burada çəkdiyiniz rəsmlərdə daha çox hansı fikirləri və hissləri əks etdirmək istəmisiz?

- Buradakı şəkillərin hamısını material dünyadan xəyal dünyasına qaçış motivində çəkmişəm. Yəni bu dünyaya aid olmayan heç nə başqa dünyaya aid olan hər şeyə. Məsələn, mənə həmişə maraqlı olub ki, kiminsə görmək istədiyi yox, mənim göstərmək istədim. Çünki hər insanın öz beynində qurduğu xəyal dünyası var və bu xəyal dünyası müxtəlifdir. Mən də öz xəyal dünyamı irəli sürmək istəmişəm, çünki bunu heç kim görməyib. Bu gün məsələn bir mənzərə çəksəm, bu, mənə görə adi bir işdir. Amma öz beynimdəkiləri ifadə etsəm, bu, tam başqadır. Mən də buna üstünlük verirəm. Yəni ki, insanların görmədiyini göstərməyə çalışıram.

- Tarixdəki hansı cərəyan nümayəndələrinə özünüzü daha yaxın hesab edirsiz?

- Van Qoqa.

-Van Qoqa, yəni impressionistlərə. Amma mən əsərlərinə baxdıqda daha çox ekspressionizmin və sürrealizmin nümunələrini görürəm. Bu əsərləri etiraz saymaq olarmı?

- Bəli, saymaq olar. Qurulan insani sistemlərə, düşüncə sistemlərinə qarşı etiraz saymaq olar.

- Mənə xüsusilə çox maraqlı gələn əsərlərdən biri bu İsa Məsihlə bağlı olan rəsmdir. Bu əsərə baxarkən hardasa fərqli bir yanaşma görürük, çünki tarixən İsa Məsihi çox fərqli üslublarda çəkiblər. Amma bu yanaşma, demək olar ki, nadir yanaşmalardan biridir. Bu yanaşmada bir az qan görürük və hardasa insanlara pessimist, neqativ, daha çox üsyankar bir hiss bağışlayır. Xüsusilə də, oradakı balığın havaya atılması. Bunun insanların beynində necə təəssürat yaradacağı barədə düşünmüsənmi?

- Şəklin öz mənasını ilk öncə qeyd edim ki, bu rəsmdən başqa bir rəsmə göndəriş var, yəni eyni mənanı bildirən 2 rəsm var. İsa Məsih isə 2-ci hissədir. İlk öncə 1-ci səhifəni başa salmaq lazımdır, 2-cini başa düşək. 1-ci səhifə Pasxa bayramı və Nirvanadır. Onun gözündə hipnoz var, insanları hipnoz edir və Misir tanrısının altında onlar manipulyasiya olurlar, bununla da, yeni uşaqlar dünyaya gəlir. Bu sistemin tək məqsədi Dəccalı üzə çıxarmaqdır. Bibiliyada və Quranda yazılana görə, Dəccal insan bədənində gələcək. Eyni şəkildə burada da insanlar kor baxır.

- Lakin çox qəribədir ki, İslam motivlərindən çox, xristian motivlərindən istifadə olunub. Xüsusi bir seçimdirmi?

- Bu, şüuraltı bir seçimdir. Çünki mən xristianlığa daha yaxınam, nəinki İslama. Daha doğrusu, xristianlıq daha doğma gəlir. Burada bir etiraz da var. Çünki şübhə ilə yanaşıram. Fikir verin, bütün işlərimdə şübhə motivi var, hətta inandığım şeyə də. Düşüncəyə qarşı şübhə var. Bu şəkillərin əsas məqsədi odur ki, insan bir şeyə faktiki olaraq inanmamalıdır. Yəni hər şeyi şübhə altında qoymalıdır. Bayaq da dediyim kimi, burada etiraz bir dənədir - o da insanların düşüncələrinə. Onlar düşünürlər ki, hər şey bir nöqtəyə qədərdir. Lakin ondan da yuxarı qalxa bilərlər və bu şəkillərdə də təxminən onu göstərməyə çalışmışam.   -Bir gənc rəssam olaraq, ilk sərgini keçirdin. Buna görə də, uğurlar arzulayırıq və xüsusilə, bunu demək istəyirəm ki, yaradıcılıq yolunun çox uzun olmağını arzulayıram. Son bir sual vermək istərdim: Sizcə, Azərbaycanda xüsusilə gənc rəssamlara münasibət necədir? Yəni imkanlar var, yoxsa qıtdır? Rəssamlar İttifaqı buna şərait yaradırmı? Məsələn, İttifaqın salonlarında sərgi keçirmək imkanı varmı?                                                                      -Biz müraciət etməmişdik. Belə deyim, birlik olmasa, harasa müraciət etmək də alınmayacaq. Məsələn, Renuji komandası. Biz heç yerə müraciət etmədik. Yalnız yeri tutmaq üçün müraciət etdik, vəssalam. Yəni qalan hər şeyi özümüz qurmuşuq. Düzünü desəm, bu barədə heç düşünməmişdik ki, xeyir verəcək ya yox. Amma gənc rəssamlara dəstək olsa, məncə, daha yaxşı olar. Çünki hal-hazırda incəsənət bizim ölkəyə çox lazımdır, lakin geridə qalıb. Sizə isə diqqətinizə görə təşəkkür edirəm.Ziya MEHTİ

pia.az