Hakimlə vəkilin cinayət işi birləşdirildi - Məhkəmənin vaxtı

Rüşvət almada təqsirləndirilən Zaqatala rayon Məhkəməsinin sabiq hakimi Arif İsmayılovun və vəzifəli şəxsi rüşvət verməyə təhrik etməkdə ittiham olunan Vəkillər Kollegiyasının sabiq üzvü Məmməd Yaqubovun cinayət işi ilə birləşdirilib
###reklam250###

Arif İsmayılov, məhkəmənin məsləhətçisi və Məmməd Yaqubovun cinayət işi eyni olduğu üçün eyni hakim tərəfindən Şəki Ağır Cinayətlər Məhkəməsində bir icraatda araşdırılacaq.

Proses hakim Nahid Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunub.

Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.

Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun yaydığı birgə məlumatına görə, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və onun məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Arif İsmayılova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Şahid Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırması zamanı Vəkillər Kollegiyasının sabiq üzvü Məmməd Yaqubovun barəsində də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata əsasən, həmin şəxslər məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb ediblər.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan Məmməd Yaqubov fərdi vəkil kimi fəaliyyət göstərib. O, 32 il vəkilliklə məşğul olub. (Teleqraf.com)

pia.az