ATV prezidenti daha bir tanınmış simasına təzyiq edir

"ATV xəbər"in kollektivi həmkarlarının müdafiəsinə qalxdı
###reklam250###

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğluna işdən çıxarılması barədə xəbərdarlıq edib.

"ATV xəbər"in adlarının çəkilməsini istəməyən bir qrup jurnalistləri də kanal rəhbərliyinin bu cür hərəkətindən narazılıq ediblər.

Onlar bildirib ki, bir neçə gün öncə telekanalın tanınmış idman aparıcısı İlkin Xəlilovun AFFA haqqında tənqidi reportaj hazırlaması ATV prezidenti Azər Xəlilovun xoşuna getməyib:

"Bundan dərhal sonra ATV prezidenti Azər Xəlilov həm İlkin Xəlilova, həm də "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğluna sərt şəkildə xəbərdarlıq edərək, onları işdən çıxaracağını bildirib. Hətta, Azər Xəlilov Vaqif Aydınoğluna öz istəyilə işdən çıxmağı da təklif edib".

Jurnalistlə deyir ki, İlkin Xəlilov və Vaqif Aydınoğlu təcrübəli jurnalistlərdir:

"Kollektivimizin hamısı onların işindən və davranışından çox razıdırlar. İlkin Xəlilovun və Vaqif Aydınoğlunun işdən getməyi kollektivə böyük itki olardı".

Telekanalın prezidenti Azər Xəlilov isə Unikal.org-a açıqlamasında bildirib ki, yayılan informasiya yanlışdır:

“İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiniz! Mən də bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”.

Xatırladaq ki, sosial şəbəkələrdə ATV telekanalının tanınmış jurnalisti İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telejurnalist öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib. Bundan sonra telekanal rəhbərliyi ona təzyiq və işindən uzaqlaşdırıldığı deyilir. (Demokrat.az)

pia.az