“Qarabağ”, “Neftçi” və “Səbail”in mükafatlandırılması mərasimi keçirilib

Topaz Premyer Liqasında mükafatlandırılma mərasimi keçirilib
###reklam250###

Topaz Premyer Liqasında 2018/19 mövsümünün qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mərasim XXVIII turun “Neftçi” – “Qarabağ” oyunu (2:3) başa çatdıqdan sonra “Bakcell Arena”da təşkil olunub.

Mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev təqdim ediblər. Öncə çempionatı 3-cü pillədə başa vuran “Səbail”in üzvlərinə bürünc medallar verilib. Ardınca gümüşə yiyələnən “Neftçi”nin futbolçu, məşqçi və rəsmiləri mükafatlarını alıblar.

Ən sonda fəxri kürsüyə ardıcıl 6-cı dəfə Azərbaycan çempionu olan “Qarabağ” dəvət olunub. Ağdam klubunun üzvlərinə qızıl medallar verilib. Komandanın 16 qol vuran futbolçusu Mahir Mədətov Premyer Liqanın bombardiri üçün təsis olunan xüsusi mükafatı alıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov kuboku qaldırmaq hüququnu ABŞ-dan mükafatlandırma mərasimini qatılmaq üçün Bakıya gələn albaniyalı Ansi Aqolliyə verib. Sonradan mükafatı qaldıran kapitan kuboku azarkeşləri önünə aparıb və çempionluğu onlarla bayram ediblər.(ONA)

pia.az