Lənkəranlı müharibə veteranı "Qələbə" gününü 100 yaşında qeyd edib

Oğlu ilə bayram tədbirindən qayıdan qəhrəmanımızla söhbət onların evində davam edib
###reklam250###

"Report"un Cənub mərkəzinin könüllüləri 9 May - Faşizm üzərində qələbənin 74-cü ildönümü günündə Lənkəran şəhər sakini olan II Dünya Müharibəsi veteranı, I qrup müharibə əlili Mirzə Abutalıb oğlu Əkbərovun görüşünə gedib.

M.Əkbərov 1919-cu il mayın 20-də Lənkəran rayonunun Kənarmeşə kəndində doğulub. II Dünya müharibəsi başlayanda kənddə müəllim işləyirmiş. Müəllim işlədiyinə görə onu cəbhəyə aparmayıblar. Lakin 1942-ci ildə o da cəbhəyə yollanıb. Müharibəyə gedəndə bir azyaşlı oğlu olub.

Hərbi xidmətinə Həştərxandan başlayıb. Orada ilk hərbi təlimlər keçərək döyüşə göndərilib. Çavuş kimi xidmətini davam etdirən M.Əkbərov ilk dəfə Kerç boğazı ətrafında gedən döyüşlərdə yaralanıb. Ayağından qəlpə yarası alaraq hospitala yerləşdirilib. Bir müddət sonra yenidən döyüşlərə qoşulub. 1943-cü ilə qədər aktiv şəkildə döyüşlərdə iştirak edib. Ukrayna uğrunda gedən amansız vuruşmada düşmən təyyarələrinin bombardmanı nəticəsində Sovet qoşunları xeyli itki verib. Bu döyüşdə M.Əkbərov uçqunun altında qalıb.

Əsgər yoldaşları onu ölü bilərək digər ölmüş döyüşçülərlə bərabər dəfn etmək istəyiblər. Lakin yaralı olduğunu görüblər. Bu döyüşdə kontuziya alan M.Əkbərov uzun müddət eşitmə və danışma qabiliyyətini itirib. 6 ay hospitalda müalicə aldıqdan sonra onu ordu sıralarından təxris ediblər.

##relatedPost2##

Müharibədən sonra ailəsi ilə birlikdə Lənkəran şəhərinə köçən M.Əkbərov müəllimlik fəaliyyətini davam etdirib. Xüsusi internat məktəbinin direktoru işləyib və təqaüdə çıxıb. Rayonun ictimai həyatında fəal iştirak edən M.Əkbərova 2011-ci ildə dövlət tərəfindən avtomobil hədiyyə olunub. Bir neçə il əvvəl uğrunda sağlamlığını itirdiyi Ukraynadan həkim qrupu Lənkərana gələrək onu müayinə və müalicəsi ilə məşğul olub.

Böyük Vətən müharibəsi veteranı, 100 yaşlı M.Əkbərovun 9 övladı, 36 nəvəsi, 120 nəticəsi və 5 kötükcəsi var.

Ailənin ən böyük arzusu isə ömrünün 100-cü ilində də olsa, uzun illər növbəsində olduğu evlə təmin olunmaqdır.

pia.az