Dövlət Komitəsi: Nikah müqaviləsi bağlayanların sayı artıb
Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib ki, Azərbaycanda ailə həyatı quran cütlüklər tərəfindən nikah müqavilələrinin bağlanmasına bir o qədər də böyük maraq yoxdur.Şöbə müdiri qeyd edib ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir: “Nikah müqaviləsində tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müəyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Əgər tərəflər arasında nikah müqaviləsi bağlanmayıbsa, ər-arvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək mübahisələrin qarşısını ala bilər. Dövlət Komitəsi olaraq evlənən cütlüklərə nikah müqavilələrinin bağlanmasına dair çağırış edirik”.
pia.az