DTX kiberhücumları önləyəcək - Yeni səlahiyyətlər

Ekspert: “Sosial şəbəkələrdə, texnikada yeniliklər artdıqca, xüsusi xidmət orqanlarının da səlahiyyətlərinin rəsmiləşdirilməsinə ehtiyac yaranır”
###reklam250###

Dövlət Təhlükəsizlik Xidmətinə yeni səlahiyyətlər verilib. Belə ki, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

Həmin qanunla Cinayət Məcəlləsində “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili”nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.

Belə ki, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda, cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səlahiyyətlərinə daxil edilib.

Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək, Azərbaycana ekstradisiya olunub. Bildirilib ki, hazırkı dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlib.

“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, texnologiya inkişaf etdikcə bu kimi tədbirlər görülməlidir: “Sosial şəbəkələrdə, texnikada yeniliklər artdıqca, xüsusi xidmət orqanlarının da səlahiyyətlərinin rəsmiləşdirilməsinə ehtiyac yaranır. ##relatedPost2##Məlum olduğu kimi, kiberhücumlar birbaşa olaraq təhlükəsizliklə bağlıdır. Kiberhücumlar etməklə bütün ölkənin təhlükəsizlik sistemini pozmaq olur. Ona görə də konkret olaraq Dövlət Təhlükəsizlik Xidmətinə kiber hücumların qarşını almaq üçün səlahiyyətin verilməsi təbii haldır. Əvvəllər də onlar bununla məşğul ola bilərdilər. Lakin fəaliyyəti qanuna əsaslandıran zaman artıq başqa məsələlər də üzə çıxır və buna əməliyyat tədbirləri deyilir. Buna uyğun olaraq əməliyyat tədbirləri keçirmək səlahiyyətini əldə rəsmiləşdirir. Necə ki, əmlakından asılı olmayaraq telefon dinləmələrinə qanuni şəkildə səlahiyyət verilir, kiberhücumlar məsələsi də rəsmi şəkildə Dövlət Təhlükəsizlik Xidmətinə həvalə olunur. Çünki oradan doğan bəzi məsələlər var ki, hüquqpozmaları olmaması üçün rəsmi səlahiyyət verilməlidir”.

Ekspert mütəxəssislə məsələsinə gəlincə isə aşağıdakıları bildirib: “Bildiyim qədər təkcə Dövlət Təhlükəsizlik Xidmətində deyil, eyni zamanda Müdafiə Nazirliyində də belə bir sistem, mütəxəssislər var. Bu gündən sonra yəqin ki, artıq ixtisaslaşmış formada məsələni həll edəcəklər. Mütəxəssislər xüsusi formada hazırlanırlar. Ola bilər ki, birbaşa olaraq Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasında hazırlanmasınlar. Bunun üçün akademiyanı qurtarmağa ehtiyac yoxdur. Sadəcə olaraq, məsələ ilə bağlı təcrübə keçmək lazımdır. Mütəxəssis hazırlanması bir detaldır. Burada artıq Nazirlər Kabinetinə müraciət etmək üçün ehtiyac yoxdur”.

pia.az