Mətbuat nümayəndələri tərəfindən “Jurnalist bağı” salındı - Fotolar

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə start verib
###reklam250###

Kampaniya AzTV-nin redaktoru Azər Qismətin təşəbbüsü ilə həyata keçirilib. Belə ki, sosial şəbəkə vasitəsilə Azər Qismət tərəfindən irəli sürülən və bir sıra jurnalistlər tərəfindən dəstəklənən təklifə ETSN müsbət reaksiya verib və nəticədə “Jurnalistlər bağı” üçün müvafiq ərazi ayrılıb. Bu gün isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ şosesində ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib. Yeni salınmış yaşıllıq əraziyə “Yaşıl Qələm jurnalistlər bağı” adı verilib. Ağacəkmə aksiyası çərçivəsində bir sıra media qurumlarının nümayəndələri tərəfindən 3 hektardan çox ərazidə müxtəlif növ meyvə ağacları ilə yanaşı, digər növ ağaclar da əkilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və ETSN-nin bir sıra əməkdaşları da iştirak edib. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında qeyd edib ki, bu cür ağacəkmə aksiyası təkcə Abşeron yarımadasında yox, ölkənin hər bir bölgəsində keçiriləcək. O, “Jurnalistlər bağı”na ETSN-nin əməkdaşları tərəfindən mütəmadi qulluq ediləcəyini və ağacların damcı-suvarma yolu ilə sulanacağını bildirib.

AzTv-nın redaktoru Azər Qismət PİA.AZ-a açıqlamasında bildirib ki, gələcəkdə jurnalistlər üçün bir parkın salınmasını da təklif kimi irəli sürəcək:

“Ağacəkmə təklifini ilk dəfə ötən ilin dekabr ayında irəli sürdüm. İrəli sürdüyüm təklifi bir arzum kimi sosial şəbəkədə status olaraq paylaşmışdım. Əslində təklifimə Nazirlik tərəfindən bu qədər operativ cavab verilməsini gözləmirdim. İstəyimi nəzərə alıb, bizə yer aldıqlarına görə minnətdaram.

Çox istərdim ki, gələcəkdə jurnalistlər üçün bir park da salınsın. O parkda insanların istirahəti üçün yaradılan şəraitlə yanaşı, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani və digər ziyalılarımızın abidələri ucadılsın. Həmçinin bu abidələrin ucadılmasında gənc memarlar və heykəltaraşların iştirakına şərait yaradılsın . Çalışacağam ki, belə bir təşəbbüslə çıxış edim. Ümid edirəm ki, bu istəyim gələcəkdə reallaşacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə PİA.AZ-a açıqlamasında qeyd edib ki, jurnalistlərin təşəbbüsü ilə həyata keçirilən layihənin uğurlu nəticələrinin şahidi olacağıq:

“Kampaniya çərçivəsində 2 mindən çox ağac əkilib. Əkilən ağaclar arasında yapon əzgili, feyxoa, nar, ərik və s. kimi bir sıra meyvə ağacları var. Azər Qismətin təşəbbüsü ilə yaradılan “Jurnalistlər bağı” adlı ərazinin salınmasına Nazirliyin “Bu yaz özün bir təbiət yarat!”devizi ilə start verildi. Jurnalistlərlə birlikdə gözəl bir gün keçirdiyimizi düşünürəm”.

 

Gülşən ŞƏRİF

pia.az