Ekspert: “Bu fərman bank sektorunu sağlamlaşdıracaq”

“Ümumiyyətlə, ilin əvvəlindən başlayaraq ölkədə sosial seqmentə aid olan ciddi qərarlar qəbul olunur və bu addımlar insan kapitalına yönəlik iqtisadi sistemin qurulmasına çox ciddi töhfə verəcək”
###reklam250###

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov problemli kreditlərlə bağlı imzalanan fərmanın təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, problemli kreditlər məsələsi uzun zamandır gündəmdə aktual olan və həlli vacib məsələlərdən biri idi. Dünən isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır.Fərmanın tam mətni ilə Buradan tanış ola bilərsiniz.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun fikirlərini öyrənib.

Elşad Məmmədov: “Bu qərar ölkə iqtisadiyyatı üçün çox mühümdür və yaxın aylarda bu qərarın əhəmiyyətli effektinin şahidi olacağıq”.

Problemli kreditlərlə bağlı prezident İlham Əliyev tərəfindən qəbul edilən fərmanın bütünlükdə sosial siyasətə müsbət edəcəyini vurğulayan UNEC professoru Elşad Məmmədova görə, bu fərmanın müsbət nəticələri zamanla özünü biruzə verəcək:

“Düşünürəm ki, dövlət başçısının problemli kreditlərlə bağlı qəbul etdiyi son qərar Azərbaycanın ən yeni tarixində sosial-siyasi nöqteyi-nəzərindən çox önəmli addımlardan biri hesab edilə bilər. Çünki məsələ bir tərəfdən əhalinin geniş təbəqələrinə şamil edilməsidirsə, digər tərəfdən isə bu qərarın icrasına yönəlik maliyyə resursları həcminin ölkə iqtiadiyyatı üçün kifayət qədər böyük olmasıdır. Rəsmi məlumatlara görə,ölkədə 1.8 milyard manatlıq vaxtı keçmiş kreditlər mövcuddur. Yeni qərar isə təxminən 1 milyard manata yaxın resursun ödənməsindən söhbət açmağa imkan verir ki, bu rəqəm də kiçik deyil.

Eyni zamanda hesab edirəm ki, bu qərar öncəliklə sosial məna daşıyır. Həmçinin Azərbaycan dövlətinin çox ciddi və önəmli şəkildə sosial statusa malik olan bir dövlət kimi dünya iqtisadiyyatında formalaşmasına xidmət edir. Sosial amillə yanaşı, bütövlükdə makroiqtisadi və maliyyə sektoruna aid edilən bu qərarın ciddi təsirinin olacağı gözləniləndir. Lakin sosial seqment prioritet rol oynayır. Bu qərar əsasən fiziki və ya aztəminatlı şəxslərə tətbiq ediləcək.

Elşad Məmmədov: “Sosial amillə yanaşı, bütövlükdə makroiqtisadi və maliyyə sektoruna aid edilən bu qərarın ciddi təsirinin olacağı gözləniləndir”.

Makroiqtisadi təhlil nöqteyi-nəzərindən də bu qərarın effektini görə biləcəyik. Çünki bu qərar son tələbin genişləndirilməsi və stimullaşdırılmasına xeyli dərəcədə təsir edə bilər. Bu isə işgüzar fəallığın və makroiqtisadi göstəricilərin müsbət tendensiyalar üzərində ciddi şəkildə inkişafına səbəb olacaq.

Maliyyə seqmentinə gəlincə, kreditlərin restrukturizasiyası baxımından 600 milyon manatdan çox vəsaitin gələcəkdə əhaliyə 1%-lə verilməsi şərti nəzərdə tutulub. Bu qərar bank sektorunun sağlamlaşdırılması üçün çox mühüm bir addımdır. Həmçinin bankların valyuta mövqeyinin mənfiyə doğru inkişaf etməsinə mane olmaq üçün 200 milyon dollardan bir qədər artıq vəsaitin qiymətli kağızlar formasında illik 0.5% göstəricisi ilə bank sektoruna ayrılması nəzərdə tutulur.

Ona görə də bu qərar ölkə iqtisadiyyatı üçün çox mühümdür və yaxın aylarda bu qərarın əhəmiyyətli effektinin şahidi olacağıq. Ümumiyyətlə, ilin əvvəlindən başlayaraq ölkədə sosial seqmentə aid olan ciddi qərarlar qəbul olunur və bu addımlar insan kapitalına yönəlik iqtisadi sistemin qurulmasına çox ciddi töhfə verəcək”.

Gülşən ŞƏRİFpia.az