Problemli kreditlərlə bağlı Konstitusiya Məhkəməsinin qərarı dəyişilə bilərmi?

Hüquqşünas: “Ötən dəfə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar kreditor və borclunun hüquqlarının bərabər olmasını göstərirdi”
###reklam250###

“Zərurət yarandığı halda Konstitusiya Məhkəməsinə yenidən müraciət edilə bilər. Konstitusiya Məhkəməsinin qərarı əsasında məhkəmələr problemli kreditlərlə bağlı işlərə yenidən baxa bilər. Ola bilsin ki, borcluların xeyrinə qərar qəbul edilsin”.

Bu sözləri hüquqşünas Xəyal Bəşirov problemli kreditlərlə bağlı məsələyə Konstitusiya Məhkəməsinin yenidən baxma ehtimalını PİA.az-a şərh edərkən bildirib.

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.Prezident müşavirədəki çıxışı zamanı problemli kreditlərin yaxın zamanda həllini tapacağını bildirib.

“Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək”, deyə prezident öz çıxışında vurğulayıb.

Xatırladaq ki, ötən il Konstitusiya Məhkəməsi bankların xeyrinə və müştərilərin əleyhinə qərar verib. Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Maraqlıdır ki, prezidentin çıxışından sonra Konstitusiya Məhkəməsinin qərarı fonunda problemli kreditlərin həllində hansısa ziddiyyətlər və problemli məsələlər ortaya çıxa bilərmi? Xüsusən məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin yeni qərar verməsinə zərurət ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirovun fikirlərini öyrənib.

Xəyal Bəşirov: “Yenidən müraciət olunarsa və Konstitusiya Məhkəməsi məsələyə fərqli qiymət verərsə, yeni qərarın qəbulu gözləniləndir”.

Problemli kreditlərin həlli ilə bağlı yekun nəticədən sonra Konstitusiya Məhkəməsinin yeni qərar qəbul etməsinin gözlənilən olduğunu vurğulayan vəkil Xəyal Bəşirova görə, bu fonda məhkəmələrdə baxılan işlərin sayında da azalma yaşana bilər:

“Səhv etmirəmsə, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə iki dəfə sorğu göndərilib. Məhkəmədə istənilən bir iş gedərkən qanunvericilikdə nəzərdə tutulan maddəyə əsasən anlaşılmazlıq olduqda, onun şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilir və bu ali qurumun səlahiyyətlərindən istifadə edilir. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə göndərilən sorğuda iki dəfə ardıcıl baş verən devalvasiyasının təsirinin “Şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsidirmi?”, “Şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi zamanı dolların kursunun bahalaşmasını yüngülləşdirici hal kimi nəzərdə tutmaq olarmı?” kimi suallar nəzərdə tutulub.

Əslində Konstitusiya Məhkəməsi şəraiti əhəmiyyətli dərəcədə dəyişikliklərə səbəb olduğunu hesab etmədi. Bu baxımdan Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar kreditor və borclunun hüquqlarının bərabər olmasını göstərirdi. Sadə dildə desək, devalvasiya nəticəsində dolların bahalaşması həmin şəxslər üçün yüngülləşdirici hal kimi qəbul edilmədi.

Xəyal Bəşirov: “Zərurət yarandığı halda Konstitusiya Məhkəməsinə yenidən müraciət edilə bilər”.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin yeni qərar verməsinə şərait yarana bilər. Belə ki, yenidən müraciət olunarsa və Konstitusiya Məhkəməsi məsələyə fərqli qiymət verərsə, yeni qərarın qəbulu gözləniləndir. Prezidentin qeyd etdiyi məsələ sırf dollar kreditlərinə aid deyil, ümumilikdə kreditlərə aid edilib. Yəni, ümumi problemli kreditlərlə bağlı proses davam edir və bununla bağlı yaxın gələcəkdə yekun münasibət göstərilə bilər.

Həmçinin zərurət yarandığı halda Konstitusiya Məhkəməsinə yenidən müraciət edilə bilər. Konstitusiya Məhkəməsinin qərarı əsasında məhkəmələr problemli kreditlərlə bağlı işlərə yenidən baxa bilər. Ola bilsin ki, borcluların xeyrinə qərar qəbul edilsin. Lakin mövcud şəraitdə bunu demək tezdir”.

Qeyd edək ki, dünən saat 17:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçirilib. Kommersiya banklarının rəhbər şəxslərinin də iştirak etdiyi yığıncaqda çağırılıb bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi edilib.

Gülşən ŞƏRİFpia.az