Moldova seçkiləri: Siyasi parçalanma bitdimi, yoxsa hər şey yeni başlayır?..

Moldovada dünən keçirilən seçkilərin nəticəsindən doğan mənzərə onu göstərməkdədir ki, prezident Dodonun liderliyində olan Rusiyapərəst Sosialistlər Qərbpərəstlərin qarşısında ciddi məğlubiyyətə uğrayıblar
###reklam250###

Qabil Hüseynli: “Mən inanmıram ki, vəziyyəti dəyişmək üçün Rusiya mövcud durumda hansısa addımlar atsın”

Natiq Miri: “Moldovada keçirilən seçkilərdə rusiyapərəst namizədlər ölkə əhalisi tərəfindən müəyyən mənada üstünlük əldə ediblər”.

Xəbər verdiyimiz kimi, dünən Moldova Respublikasında parlament seçkiləri keçirilib. Parlament seçkilərində ümummilli dairə üzrə 14 siyasi partiya və bir seçki bloku iştirak edib; birmandatlı dairələr üzrə 321 namizəd qeydə alınıb, onlardan 57 – müstəqil namizədlər, digərləri isə siyasi partiya və ya seçki blokları tərəfindən irəli sürülüblər.

Qarışıq sistem üzrə keçirilən seçkidə 51 millət vəkili majoritar, 50-si proporsional sistem üzrə seçilib. Həmçinin keçid baryeri 6% olub. Avrasiya İttifaqına inteqrasiyanın tərəfdarı olan və seçki ərəfəsində Rusiyadan açıq dəstək alan sosialistlər gözləniləndən daha az səs toplayıb. Hələ dəqiqləşməmiş ilkin hesablamalara əsasən demokratlar 33, sosialistlər 32, ACUM 25, Şor 7, müstəqillər 3 mandat alır. Çoxmandatlı dairələrdən Rusiyapərəst Sosialist partiyası 31,35%-lə birinci yeri tutsa da, təknadatlı dairələrdə hakim Demokratlar partiyasına uduzublar və Demokrtalar partiyası 33 mandat əldə edərək seçkinin qalibi olublar.

Höküməti qurmaq üçün hələ ki, heç bir partiyanın mütləq üstünlüyü yoxdur. Daha əvvəl prezident Dodonun partiyası olan Rusiyapərəst Sosialist Partiyası və Avropa İttifaqına inteqrasiya tərəfdarı olan, lakin hakim Demokratlar partiyasına müxalif olan ACUM bloku heç bir partiya ilə koalisiyaya girməyəcəklərini bəyan ediblər. Lakin buna baxmayaraq, ACUM blokunun Demokratlar partiyası ilə anlaşa biləcəyi istisna olunmur. Belə bir anlaşma olmazsa, Moldovada yeni hökümətin qurulması mümkün görünmür.

Əslində isə Moldovada dünən keçirilən seçkilərin nəticəsindən doğan mənzərə onu göstərməkdədir ki, prezident Dodonun liderliyində olan Rusiyapərəst sosialistlər Qərbpərəstlərin qarşısında ciddi məğlubiyyətə uğrayıblar. Ümumi mənzərədə isə moldaviyalıların təqribən 70%-i Avropa İttifaqına inteqrasiya yolunu müdafiə edib. Bu da Rusiyanın Moldovada olan mövqelərinin kəskin şəkildə zəifləməsindən xəbər verir.

Xatırladaq ki, uzun illərdir ki, Moldovada rusiyapərəstlərlə Avropaya inteqrasiya tərəfdarları arasında qızğın siyasi mübarizə gedir. Moldova prezidenti açıq şəkildə Kremldən gələn təlimatlara əsasən siyasət yürütdüyünü də gizlətmir. Ötən il parlamentin qəbul etdiyi anti-rusiya qanunları imzalamadığına görə, İqor Dodon bir neçə dəfə Konstitusiya Məhkəməsi tərəfindən müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Hazırda yenidən təşkil olunan parlamentin də tərkibi onu deməyə əsas verir ki, rusiyapərəst İqor Dodonun siyasi kursu məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, Rusiya 1991-ci ildən Moldovada separatçı “Dnestryanı Respublika”nı müdafiə edir. Eyni zamanda türkdilli qaqauzlarda Moskvanı müdafiə etməkdədirlər.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı keçmiş dövlət müşaviri, politoloq Qabil HüseynliMilli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Qabil Hüseynli: “Moldovada Ukrayna variantının təkrar olacağını düşünmürəm”.

Moldovada baş tutan seçkilərin ümumi mənzərəsinə nəzər yetirdikdə Avropaya inteqrasiya xəttinin tərəfdarlarının qalib olduğunu vurğulayan politoloq Qabil Hüseynliyə görə, Moldovada proseslərin ciddi nəzarətdə olması təhlükəli vəziyyətlərin yaranmasına şərait yaratmır:

“Moldovada siyasi parçalanmanın baş verəcəyini gözləmirəm. Çünki ötən 4 ildə Avropaya inteqrasiya xəttinin tərəfdarları daha da güclənib. Onlar özlərini kifayət qədər inamlı hiss edirlər. Seçkinin də nəticələri də göstərir ki, Avropaya inteqrasiya xətti 70%-ə qədər səs toplayıb. Bu baxımdan onların qalib olacağını və yaxın zamanda yeni hökümətin qurulacağını düşünürəm.

Ümumilikdə, Moldovada Ukrayna variantının təkrar olacağını düşünmürəm. Çünki Moldovada proseslər tam nəzarət altındadır. Rumıniyanın operativ şəkildə proseslərə müdaxilə imkanları da Rusiyadan fərqli olaraq bu məsələnin Avrpoa İttifaqının nəzarəti altında olduğunu göstərir. Mən inanmıram ki, vəziyyəti dəyişmək üçün Rusiya mövcud durumda hansısa addımlar atsın”.

Natiq Miri: “Avropaya inteqrasiya xəttinin tərəfdarları arasında gələcəkdə Moldovanın Rumıniya ilə birləşməsini istəyən qüvvələr də mövcuddur”.

Moldovada siyasi parçalanmanın baş verib-verməyəcəyinin seçkilərinin son nəticəsi açıqlandıqdan sonra bəlli olacağını qeyd edən politoloq Natiq Mirinin fikrincə, eyni zamanda seçkilərdə saxtakarlıq hallarının müşahidə edilməsi ölkədə qarşıdurmanın yaranmasına səbəb ola bilər:

“Moldovada keçirilən seçkilərdə rusiyapərəst sosialistlər ölkə əhalisi tərəfindən müəyyən mənada dəsətəklənib və faktiki olaraq, seçkinin qalibi olublar. Lakin təkmandatlı dairələrdə üstünlük qazanan Demokratlar partiyası parlametdəki mandatların sayına görə birinci yerdədir. Seçki prosesində sosialistlərə Rusiyanın çox ciddi siyasi və maliyyə dəstəyi verməsi ilə bağlı konkret informasiyalar yayılmaqda idi. Buna baxmayaraq, rusiyapərəstlərin parlamentdə əldə etdikləri mandatların sayına diqqət etsək, bunu heç də qalibiyyət olaraq dəyərləndirmək olmaz. Parlamentin üçdə birinə nəzarət edən sosialistlər əslində bu seçkini uduzublar və hökümət formalaşdıra bilməyəcəkləri artıq bəllidir.

Təbii ki, qarşı tərəf qərbyönlü siyasi qüvvələrdir və onların getdikcə Moldovada səs itirməsi ehtimalı güclənir. Seçki prosesində bu siyasi qüvvələr arasında birlik olmadığına görə, müəyyən parçalanmalar hiss olunurdu. Bu isə rusiyapərəst siyasi qüvvələrin mənafeyinə xidmət edən bir vəziyyət idi. Hazırda Demokrat Partiyası ilə ACUM bloku arasında anlaşma əldə olunmazsa, o zaman doğrudan Moldovada bir siyasi parçalanma müşahidə edəcəyik.

Ona görə də indidən hansı qüvvənin konkret qalib gələcəyini demək çox çətindir. Ayrıca, Demokrat Partiyası ilə ACUM blokunun ayrı-ayrılıqda Qərb tərəfindən hansı səviyyədə dəstəklənməsi də açıq şəkildə məlum deyil. Sadəcə bu gün rusiyapərəst qüvvələrin Rusiya tərəfindən dəstəkləndikləri açıq hiss olunur. Çünki Rusiya digər postsovet ölkələrində olduğu kimi, Moldovanı da özünün arxa bağçası sayır.

Natiq Miri: “Hesab edirəm ki, Moldovada Ukrayna variantının təkrarlanması ehtimalı var”.

Məlumdur ki, Moldovanın prezidenti İqor Dodon da məhz Rusiyanın dəstəyi ilə seçkilərdə qalib gəlmişdi. İndiki vəziyyət onu göstərir ki, Moldova cəmiyyəti iki qütbə parçalanıb. Avropaya inteqrasiya xəttinin tərəfdarları arasında gələcəkdə Moldovanın Rumıniya ilə birləşməsini istəyən qüvvələr də mövcuddur. Seçki nəticələri barədə konkret fikir bildirmək çətin olsa da, artıq Moldovada qütbləşmənin mövcudluğu dəqiqdir.

Hesab edirəm ki, Moldovada Ukrayna variantının təkrarlanması ehtimalı var. Çünki hər iki tərəf Moldova toplumunda müəyyən qədər güclüdür və insanları küçə çıxarıb, kütləvi etiraz nümayişləri yarada bilərlər.

Maliyyə məsələsini də nəzərə alsaq, Ukrayna variantı və ya yeni “Maydan” hərakatının başlaması mümkündür. Bu hadisələr seçkinin necə keçirilməsindən də asılı olacaq. Əgər seçkidə hansısa saxtakarlıq olarsa, etiraz prosesləri yarana bilər. Bundan istifadə edən xarici qüvvələr toplumda parçalanma və qarşıdurma yaratmaq niyyətli addımlar ata bilərlər. Yəni, bu, tamamilə mümkündür”.

Gülşən ŞƏRİFpia.az