Londondan Bakıya qaytarılan məmur

Bir neçə gün öncə mətbuatda məlumat yayılmışdı ki, azərbaycanlı məmurlardan biri bu yaxınlarda Avropa ölkələrində müalicə almaq üçün yollansa da, onun müalicəsi mümkün olmayıb
Həmçinin bildirilirdi ki, sözügedən məmur əvvəlcə Almaniyadakı klinikalarda müalicə alıb. Daha sonra isə onu Lodondakı məşhur klinikalardan birinə yerləşdiriblər. Lakin həkimlər ağır xəstəlikdən əziyyət çəkən həmin şəxsin klinikada qalmasına zərurət görməyiblər. Tövsiyə ediblər ki, onu Bakıya geri qaytarsınlar. Hazırda onun durumunun kifayət qədər ağır olduğu deyilir. Qaynar.info-ya daxil olan məlumata görə, adıçəkilən məmur Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir. Məlumatı dəqiqləşdirmək üçün Əhmədzadənin köməkçisi Ramiz müəllimlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Sözügedən qurumun Ümumi şöbəsindən isə Qaynar.info-ya bildirdilər ki, Əhməd Əhmədzadə ilə bağlı yayılan bu məlumat həqiqəti əks etdirmir. Onun səhhətində heç bir problemin olmadığını deyən şöbə müdiri Əhmədzadənin qarşıdan gələn həftənin bazar ertəsi günü işə çıxacağını bildirdi.