Tramp həssas nüvə texnologiyalarını Səudiyyəyə vermək istəyir

ABŞ Nümayəndələr Palatası “son dərəcə həssas nüvə texnologiyalarının” Səudiyyə Ərəbistanına satılması planı ilə bağlı Ağ Evə qarşı təhqiqat başladıb
###reklam250###

Nümayəndələr Palatası təhqiqat komitəsinin hazırladığı hesabata görə, Ağ Evin planına uyğun olaraq Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində yerləşdiriləcək ən müasir nüvə reaktorları Yaxın Şərq regionunda tarazlığı poza və nüvə silahlanmasını artıra bilər. Komitənin üzvləri vurğulayıblar ki, bir neçə reaktorun satılması gündəmdə olduğu üçün təhqiqat başladılmasına ehtiyac var.

ABŞ prezidenti Donald Tramp fevralın 12-də keçirdiyi müşavirədə Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq ölkələrinə nüvə texnologiyaları transferi məsələlərini müzakirə edib. Onun müşaviri və kürəkəni Cared Kuşnerin Yaxın Şərq ölkələrinə səfərində də bu məsələnin gündəmdə olacağı gözlənilir.

AzərTAc bildirir ki, Səudiyyə Ərəbistanının nüvə texnologiyasını dinc məqsədlərlə deyil, silah istehsalı üçün istifadə edəcəyi ehtimalını nəzərə alan ABŞ Konqresi bu məsələyə ciddi yanaşır. İranın nüvə proqramı ilə əlaqədar narahatlığını ifadə edən Ər-Riyad isə bəyan edib ki, bu texnologiyalardan enerji mənbələrini şaxələndirmək məqsədilə istifadə edəcək.

pia.az