NİDA-çıların valideynləri bu gün aclıq aksiyasını dayandıracaqlar

Xəbər verdiyimiz kimi, aprelin 19-dan etibarən NİDA-çıların valideynləri övladlarının günahsız həbsinə etiraz əlaməti olaraq, Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayıblar. 4 gün davam edən aksiyadan sonra bu gün valideynlər aclıq aksiyasını dayandırmağa qərar veriblər.Bu barədə musavat.com-a Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli məlumat verib.   Onun sözlərinə görə, həkimlərin məsləhətindən sonra valideynlər aclıq aksiyasını dayandırmağa qərar veriblər: “Dünən Zaur Qurbanlının anası Səkinə Qurbanlının səhhəti pisləşmişdi. Həkim çağırmalı olduq. Həkimlərin müayinəsindən sonra aydın oldu ki, aclıq aksiyasını dayandırmasalar, həyatları üçün təhlükə yarana bilər. Ona görə də, aclıq edən valideynlərin yanına ziyarətə gələnlərin, Müsavat Partiyası rəhbərliyinin və bizlərin uzun xahişindən sonra buna qərar verildi”.   Ellada Məmmədli aclıq aksiyasının dayandırılması ilə bağlı bu gün saat 15:00-da Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçiriləcəyini bildirdi.