Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib

Fevralın 3-də Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib

Beynəlxalq hava limanında ali qonağı Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib qarşılayıblar.

Bu gün Roma Papasının Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü planlaşdırılıb.

Həmçinin Roma Papası ilə Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib arasında insanların qardaşlığı və dünyada sülhün təmin olunmasının dəstəklənməsi məsələləri müzakirə olunacaq. Bu əlamətdar hadisənin təşkili BƏƏ-nin qardaşlıq və tolerantlıq, humanizm kimi bəşəri dəyərlərin, habelə bütün insanların və dinlərin dinc yanaşı yaşamasının dəstəklənməsi işinə daha bir töhfəsi olacaq.

Roma Papası və Şeyx Əhməd Əl-Tayyibin vəliəhd Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən Əbu-Dabidə dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəkləri gözlənilir.

Fevralın 5-dək davam edəcək səfəri çərçivəsində Papa Fransisk 120 min insanın iştirakı ilə messa keçirəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır.(azərtac)

pia.az