“Gürcüstan erməni terrorunu beşiyində boğa bilməsə…” – Siyasi analitik

Qafqaz Ömərov: “Gürcüstanı Rusiya ancaq ermənilərin əli ilə qarışdıra bilər”
###reklam250###

“Bu hadisənin ən vacib tərəfi isə ondan ibarətdir ki, bu dəfə də ermənilər bizi qabaqladılar və biz onların atdığı addımı sındırmağa çalışırıq. Axı Qarabağda döyüşlərdə şəhid olmuş onlarla Borçalı türkü var...”

Bu sözləri Gürcüstan əsilli tanınmış azərbaycanlı jurnalist, siyasi analitik Qafqaz Ömərov 20 Yanvar tarixində Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş, həmçinin Xocalı qətliamını törədənlərdən biri olan Mixeil Avaqyanın abidəsi ucaldılmasını PİA.az-a şərh edrkən bildirib.

Qeyd edək ki, Qafqaz Ömərov dünən Gürcüstandan qayıdıb. Əməkdaşımızın sualını cavablandıran Qafqaz Ömərov qeyd edib ki, 10-15 il əvvəl həm osetin, həm abxaz, həm də erməni separatizmi ilə üz-üzə qalan Gürcüstanın dşvlətçiliyini məhz Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycan dövlətinin tutduğu mövqe xilas edib.

Qafqaz Ömərov: “Əsas məsələ qonşu ölkədəki azərbaycanlıların və Azərbaycan Respublikasının Gürcüstanın dövlətçiliynin məhv olma təhlükəsi qarşısında olduğu zaman tutduğu tarixi mövqedir. Bunu heç bir gürcü unutmamalıdır”.

PİA.az Qafqaz Ömərovla kiçik müsahibəni oxucularının diqqətinə cəlb edir:

- Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoyulması Azərbaycanda ciddi etirazlara səbəb olub. Gürcüstan tərəfinin Azərbaycana qarşı bu münasibətinin qarşısında Azərbaycanın Gürcüstana iqtisadi sanksiyalar qoymasını düzgün hesab edirsiniz?

- Bu hər bir azərbaycanlı üçün çox ağrılı hadisədir. Gürcüstanda belə bir hadsisənin yaşanması xalqlarımız arasındakı dostluğa vurulan bir zərbədir. Bunu başqa cür xarakterizə etmək mümkün deyil. Amma, burada bir neçə həssas məsələyə toxunmadan baş verənlərin mahiyyətini anlamaq çox çətindir. Əsas məsələ qonşu ölkədəki azərbaycanlıların və Azərbaycan Respublikasının Gürcüstanın dövlətçiliynin məhv olma təhlükəsi qarşısında olduğu zaman tutduğu tarixi mövqedir. Bunu heç bir gürcü unutmamalıdır. Şimalda Abxaziya abxazların, Cənubi Osüetiyada osetinlərin, Cənubda Cavaxetiyada erməni separatçılığı ilə qarşı-qarşıya qalan Gürcüstanı Borçalıda azərbaycanlıların Tiflisə loyallığı və bir qonşu dövlət kimi Azərbaycan Respublikasının dost mövqeyi məhv olmaqdan xilas etdi.

Digər məsələ isə erməni terrorçusuna qoyulan abidənin kimin tərəfindən qoyulmasıdır. Abidənin maliyyəsini yerli erməni biznesmeni təmin edib. Məlumata görə o, Rusyada bizneslə məşğuldur. Terrorçunun abidəsinin açılışında isə Ermənistanın Tiflisdəki səfiri də iştirak edib. Bu isə o deməkdir ki, işin arxasında erməni dövləti durur.

Əlavə edim ki, Rusiyada Cavaxetiyadan olan ermənilərin böyük diasporu var və onların əksəriyyəti Moskva və digər rus şəhərlərinin biznesində yüksək səviyyədə təmsil olunurlar. Hətta Gürcüstan vətəndaşlarına viza və sanksiyalar tətbiq edildiyi dövrlərdə Rusiya Cavaxetiya ermənilərini heç vaxt incitmədi və onlar öz bizneslərini daha da genişləndirdilər.

Azərbaycanın məsələ ilə bağlı mövqeyi aydındır və gürcülər təbii, bizim bu məsələdəki həssasiyyətimizi çox gözəl anlayırlar və belə təxribatların nəyə gətirib çıxaracağını da gözəl dərk edirlər. Bu hadisənin ən vacib tərəfi isə ondan ibarətdir ki, bu dəfə də ermənilər bizi qabaqladılar və biz onların atdığı addımı sındırmağa çalışırıq. Axı Qarabağda döyüşlərdə şəhid olmuş onlarla Borçalı türkü var.

Hətta onların içərisində Azərbaycanın Milli Qəhrəmanı da var? Niyə Gürcüstanın ən ucqar kəndlərinə investisiya yatıran Azərbaycan heç omasa o şəhidlərdən birinə xatirə lövhəsi qoymayıb? Bu məsələdə Gürcüstandakı azərbaycanlıların müxtəlif təşkilatlarının da günahı çoxdur. Onlar niyə indiyədək Borçalının hasısa kəndində o kənddən olan şəhidə bir büst qoymayıblar?

Suallar çoxdur, təəssüf ki, cavab verən yoxdur bu suallara...

Qafqaz Ömərov: “Rusiyanın Qafqaz məsələsindəki mövqeyi bəllidir. Bu strategiya 200 ildir dəyişmir”.

- Bildiyimiz kimi azərbaycanlı milyarder Söyün Sadıqov da Mixail Avaqyana Gürcüstanda abidə qoyulmasıba sərt şəkildə reaksiya verib. Söyün Sadıqovun bu reaksiyası Rusiyanın mövqeyi ola bilər? Ola bilərmi ki, Rusiya Gürcüstanı azərbaycanlıların əli qarıdşırmaq istəyir?

- Təkrar edirəm ki, hər bir azərbaycanlının bu məsələdəki mövqeyi dəyişməzdir. O cümlədən adını çəkdiyiniz şəxs də bir azərbaycanlı kimi öz mövqeyini bildirib. Onun sözü heç vaxt Rusiyanın mövqeyi ola bilməz.

Rusiyanın Qafqaz məsələsindəki mövqeyi bəllidir. Bu strategiya 200 ildir dəyişmir və yaxın vaxtlarda da dəyişəcəyinə inanmıram. Rusiyanın azərbaycanlılara “stavka” edəcəyinə isə ümumiyyətlə inanmıram. Çünki “ermənilik” etmək üçün ancaq erməni lazımdıк, biz isə mental olaraq bir xalq kimi bu alçaqlığı edə bilmərik.

Gürcüstanı Rusiya ancaq ermənilərin əli ilə qarışdıra bilər. Terrorçuya heykəl qoyulan əzəli türk yurdu Axısqa (Cavaxetiya) indi erməni terrorizminin mühüm dayaq məntəqələrindən birinə çevirilib.

Terrorçu Avaqyanın abidəsi isə onu göstərir ki, ermənilər bu torpaqlara terrorizm və separatizm toxumlarını səpməkdə qərarlıdırlar. Gürcüstan hökuməti gələn təhlükəni vaxtında dəf edib erməni terrorunu beşiyində boğa bilməsə, Gürcüstanın dövlətçiliyi birdəfəlik məhv olacaq”.

Gülşən ŞƏRİFpia.az