Avropada xalq hakimiyyətə niyə qəzəblidir?

Yeni dünya düzəni Avropada dizayn edilir?

Əhəd Məmmədli: “Fransızlar ona görə inqilabi şüarlar;n arxasınca gedirlər ki, kasıblaşdıqlarına görə Makronu və Fransanın varlı zümrəsini günahkar hesab edirlər”

Rusif Məmmədsoy: “”Sarı jiletlilər” aksiyası digər səbəblər və ya təkan verən qüvvələrin istəyinə uyğun başlamış bir inqilab xarakterli aksiyadır”.

Məlumdur ki, ötən il noyabrın 17-də “sarı jiletlilər” Fransada yanacağın qiymətinin bahalaşmasına və iqtisadi şərtlərin ağırlaşmasına reaksiya olaraq etiraz aksiyası keçirməyə başlayıb. Etiraz aksiyalarında polislə nümayişçilər arasındaki qarşıdurmalar, dövlət qurumlarına hücumlar, mağazaların talan edilməsi və zibil bidonlarının yandırılması, küçələrdə alovların yüksəlməsi, polisin aksiya iştirakçılarına müdaxiləsi diqqət çəkib. Aksiyalarda 10 nəfər həlak olub və 1700-dən çox insan yaralanıb, 5600 aksiyaçı nəzarətə götürülüb, mindən çoxu barəsində həbs qətimkan tədbiri seçilib. Aksiyaların iqtisadi cəhətdən vurduğu zərərlərə isə 58 min insanın işsiz qalmasıdır ki, bu, dövlətə 32 milyon avroya başa gəlib, alış-veriş mərkəzlərinə dəyən zərər 2 milyon avronu keçib.

Bununla yanaşı, “Sarı jiletlilər” hərəkatının nümayəndəsi Emmanuel Makrona xəbərdarlıq edərək bildirib ki, Prezident Makron özünüzü qanundan ali, yaxud Fransa xalqının iradəsindən yüksək tutmasın. “Siz və sizin silahdaşlar insanlara yuxarıdan aşağı baxmaqda, onları dişsiz, cəmiyyətin qalığı saymaqda davam etsəniz qəzəb nifrətə çevriləcək”, deyə hərəkatın nümayəndəsi bildirib.

Fransa prezidenti Emmanuel Makron isə öz növbəsində “sarı jiletlilər”in zorakılığa səbəb olan nümayişləri ilə əlaqədar fransızlara açıq məktub yazıb. Məktubunda ölkədə bəzi vətəndaşların yüksək vergilərdən, aşağı maaşlardan, ictimai xidmətlərin kifayət qədər olmamasından və normal insani şərtlərdə yaşamağın çətinliklərindən doğan qəzəblərini başa düşdüyünü bildirən Makron yalnız Fransada deyil, eyni zamanda, Avropada insanların narahat olduqlarını, bu səbəbdən problemlərə həll yollarının tapılmasının vacib olduğunu bildirib. O, məktubunda zorakılığın tətbiq olunmaması şərtini də vurğulayıb.

Bir sıra avropalı ekspertlər hesab edir ki, son hadisələr nəticəsində Fransa prezidenti özünün və ölkəsinin beynəlxalq aləmdəki nüfuzunu bir xeyli dərəcədə sarsıdıb. Hətta Emmanuel Makronun Paris iğtişaşlarında Amerika Birləşmiş Ştatlarını ittiham etməsi Yelisey Sarayı ilə Ağ Ev arasındakı münasibətlərin də kəskin dərəcədə soyuqlaşması ilə nəticələnib.

Onu da qeyd edək ki, ötən şənbə Fransa prezidenti Yelisey sarayında “milli müzakirə”lərə başlasa da, “sarı jiletlilər” etiraz aksiyalarını davam etdirirlər. Etirazçılar Makronun düzənlədiyi “milli müzakirə” platformasını şou adlandırıblar və bu müzakirələrə qatılmaqdan imtina ediblər. Maraqlıdır ki, son rəy sorğusuna görə fransızların yarıdan çoxu “sarı jiletlilər”in aksiyaları davam etdirməsinə tərəfdar çıxıblar. Bu da Emmanuel Makronun hakimiyyətinn legitimliyini artıq şübhə altına alır.

Artıq demək olar ki, Fransada ötən əsrin 60-cı illərin “nihilistlər” hərəkatından sonra ən böyük etiraz aksiyaları keçirilir. Bəzi iddilara görə isə hazırda Avropada etiraz dalğaları üzərində yeni dünya düzəni formalaşmaqdadır və doğurdan da “sarı jiletlilər” hərəkatı Avropanın bir sıra ölkələrinə sıçrayıb. Maraqlıdır ki, bəzi Avropa ölkələrinin hökümətləri, misal üşün İtaliya höküməti “sarı jiletlilər” hərəkatını açıq şəkildə dəstəkləyirlər.

Fransada və ümumilikdə Avropada xalqın hakimiyyətə qəzəbinin səbəbləri nədir, doğurdanmı Fransada Pentaqonla Potşildlər arasında böyük savaş başlayıb? Avropada etiraz dalğaları üzərində yeni dünya düzəni formalaşırsa, bu düzənin tam formalaşa bilməsi üçün böyük müharibələrin başlanması ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.Az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlimüstəqil ekspert Rusif Məmmədsoyun fikirlərini öyrənib.

Əhəd Məmmədli: “Yeni dünya düzəninin formalaşması prosesində isə böyük müharibənin olacağını zənn etmirəm. Nüvə reallığı olarkən böyük müharibələrin başlanması inandırıcı görünmür. Amma dünyanın əvvəlki kimi olmayacağı da dəqiqdir”.

Dünyada böyük müharibələrin başlamasının gözlənilən olmadığını qeyd edən politoloq Əhəd Məmmədliyə görə, indiki situsiyada ABŞ-ın məqsədi Makronu yola salmaqdır:

“Vaşinqton fransızların əfsanəvi generalı və 5-ci Respublikanın qurucusu Şarl De Qolldan sonra Makronu da yola salmaq istəyir. Çünki Şarl De Qolldan sonra Makron ABŞ-a qarşı baş qaldırmağa cəhd etdi. Görünür, Makronu da De Qollun aqibəti gözləyəcək.

Onu da qeyd edim ki, Fransa xalqının hakimiyyətə əsas qəzəbi maaşların, təqaüdlərin artmamsına rəğmən vergilərin, bank faizlərinin sürətlə artmasıdır. Əsas problem odur ki, hazırda Avropada varlılar sürətlə varlanır, orta təbəqə isə sürətlə kasıblaşır. Burada ədalətsiz vergi qanunları da ciddi rol oynayır. Makron hakimiyyətə gələrkən xalqa sosial ədalət vəd etmişdi. Lakin son il yarımda bunun əksi baş verdi. O üzdən də fransızlar Makrona qarşı qəzəblidirlər və onu böyük biznesin və maliyyə dairələrinin əlaltısı hesab edirlər. Ona görə də xalq inqilabi şüarların arxasınca gedirlər. Çünki baş verənlərə görə Makronu və Fransanın varlı zümrəsini günahkar hesab edirlər.

Əhəd Məmmədli: “Xalq istismarçı varlı təbəqəyə qarşı cana doyub və qlobal dəyişikliklər tələb edir. Məncə, dediyimiz qlobal dəyişikliklər baş verəcək”.

Etirazlar baş alıb gedəndən sonra Fransada maaşlar 100 avro artırıldı, vergilər azaldıldı, amma yenə də aksiyalar səngimədi. Bu da onu göstərir ki, xalq istismarçı varlı təbəqəyə qarşı cana doyub və qlobal dəyişikliklr tələb edir. Məncə dediyimiz qlobal dəyişikliklər baş verəcək.

Fransada baş verənləri Pentaqonla Rotşidlər arasında savaşın başlaması kimi dəyərləndirirlər. Bunda da bir həqiqət payı var. Elə Fransa hakimiyət nümayəndələri də dəflələ buna işarə edibləÇünki Makron məhz Rotşild ailəsinin nümayəndəsi olaraq tanınır. Hazırda ABŞ qlobalizmə qarşı çıxan əsas mərkəz kimi çıxış edir. “Sarı jiletlilər” hərəkatı da qlobalizmə qarşı çıxır. Yəni “sarı jiletlilər” hərəkatının okeanın o tayından idarə olunması ilə bağlı ortada bir çox paralellər var.

##relatedPost2##Qlobalizmə qarşı ABŞ tək Fransada mübarizə aparmır. Məsələn, ABŞ-Böyük Britaniya münasibətləri əvvəlki anlaşılma səviyyəsində deyil. Çünki Rotşidlər ailəsi Böyük Britaniyada çox güclüdür. Ona görə də “Breksit” Böyük Britaniyada dalana dirənib. Britaniyada yaxın zamanlarda böyük gərginliklərin yaşanacağı da artıq proqnozlaşdırılır.

Yeni dünya düzəninin qurulmasına gəlincə, yeni düzən Avropada etiraz dalğalarından əvvəl formalaşmağa başlayıb. Yeni dünya düzəni “Ərəb baharı” ilə başladı və Suriya müharibəsində daha aydın görünməyə başladı. Yeni düzən yenidən çoxqütblüyə qayıdış formasında çiziləcək. Təbii ki, ABŞ-ın liderliyi bütün qütblər tərəfindən qəbul ediləcək. Yeni dünya düzəninin formalaşması prosesində isə böyük müharibənin olacağını zənn etmirəm. Nüvə reallığı olarkən böyük müharibələrin başlanması inandırıcı görünmür. Amma dünyanın əvvəlki kimi olmayacağı da dəqiqdir”.

Rusif Məmmədsoy: “Hesab edirəm ki, bu aksiya birbaşa Makronla Donald Tramp arasındakı soyuqluğun nəticəsidir”.

Fransada baş verən “sarı jiletlilər” etiraz aksiyasının məhz Makron-Tramp münasibətlərindəki gərginlikdən yarandığını vurğulayan ekspert Rusif Məmmədsoya görə, Trampın məqsədi Fransanı ABŞ-dan asılı etməkdir:

“Ümumiyyətlə, Fransada həmkarlar ittifaqı həmişə çox güclü olub. Hal-hazırda da belədir. Məsələn, bir günün içində hava limanının pilotları işi dayandırırlar,hökumətə birbaşa tələblərini irəli sürürlər və nəticə də qazana bilirlər. Lakin, “sarı jiletlilər” aksiyası bir qədər fərqlidir. Çünki burada yanacağın qiymətinin qaldırılması və vergi məcəlləsinə edilən dəyişikliklərdən sonra başlayan genişmiqyaslı aksiya fərqli yönlərə istiqamətlənib.

Belə ki, onlar adını çəkdiyimiz məsələlərə görə aksiyaya başladıqdan bir qədər sonra Emmanuel Makron onlarla razılığa gələ biləcəyini dedi. Lakin aksiyaçıların tələbləri daha da artdı. Belə nəticəyə gəlmək olar ki, xalqın qəzəbi heç də baş vermiş vergi dəyişikliklərlə bağlı deyil. Digər səbəblər və ya təkan verən qüvvələrin istəyinə uyğun başlamış bir inqilab xarakterli aksiyadır. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, “sarı jiletlilər”ə dəstək kimi digər Avropa ölkələrində də aksiyalar keçirilib. Bu zaman belə bir sual ortaya çıxır. Bəs bu aksiya müəyyən səbəblərə görə başlamayıbsa, buna təkan verən qüvvələr kimlərdir?

Rusif Məmmədsoy: “Avropanın aparıcı dövlətləri belə ABŞ-ın dəstəyi olmadan rahatlıqla hərəkət edə bilməz”.

Hesab edirəm ki, bu aksiya birbaşa Makronla Donald Tramp arasındakı soyuqluğun nəticəsidir. ABŞ-ın tətbiq etdiyi siyasət hər birimizə bəllidir. Bu, onların ənənəvi siyasətidir. Xatırlayırsınızsa, 2018-ci il dünya müharibəsinin 100 illik yubileyi ilə bağlı Parisdə bir tədbir keçirildi və bu görüşdə aparıcı ölkə liderləri də iştirak etdi. Həmin tədbir zamanı Emmanuel Makron öz çıxışı zamanı belə bir ifadə işlətmişdi ki, “Biz özümüzü digər qüvvələrdən, eyni zamanda ABŞ-dan asılılığımızı azaltmaq və qorunmaq üçün Avropa Ordusu yaratmalıyıq”. Təbii ki, Tramp bunu həzm edə bilməzdi. Çünki Avropanın aparıcı dövlətləri belə ABŞ-ın dəstəyi olmadan rahatlıqla hərəkət edə bilməz. Kosovo məsələsini xatırlayaq. Sabitliyi bərqərar edə bilməyən Fransa ABŞ-ın dəstəyi ilə bunu etdi. Yəni bu kimi çox məsələ sadalamaq olar.

Bundan əlavə, əgər bir dövlət NATO kimi böyük və qüdrətli bir hərbi təşkilatda təmsil olunursa, Avropa Ordusuna nə ehtiyac var?! Belə deyək, ABŞ-ın illik hərbi xərci Fransanın büdcəsindən 2 dəfə artıqdır. Bu səbəbdən də düşünürəm ki, bütün bu halların memarı məhz ABŞ-dır.

Bir məsələni də nəzərinizə çatdırım. Skripalın zəhərlənməsindən sonra ABŞ və digər Avropa ölkələri Rusiyaya qarşı sanksiyalara başladı və bütün diplomatik nümayəndələrini geri çağırdılar. Lakin İspaniya hökuməti hələ belə bir addım atmamışdı. Bundan dərhal sonra İspaniyada separatizmin yeni dalğası yarandı. Daha sonra isə iki ölkə başçısı arasında telefon danışığı oldu. Bütün bunlardan sonra artıq İspaniya da sanksiyalara qoşuldu və səfirliyi geri çağırdı. Bütün bunları nəzərə alaraq belə bir qənaətə gəlirəm ki, bu işdə super güc olan ABŞ-ın əli var”.

Gülşən ŞƏRİFpia.az