Azərbaycanda təhsilə qoyulan sərmayə özünü doğruldurmu?

Təhsil eksperti: “Bizim təhsil 27 ildir ki, büdcədən asılı haldadır. Düşünürəm ki, ali təhsilin büdcədən asılılığını azaltmaq lazımdır”
###reklam250###

“Dövlət büdcəsindən ali təhsilə kifayət qədər vəsait ayrılsa da, onlar əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirə bilmirlər”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov təhsil sahəsinə qoyulan sərmayə ilə bağlı vəziyyəti şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan təhsilində aparılan sistemli islahatlara münasibət bildirərkən dəfələrlə qeyd edib ki, ölkədə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Lakin təhsil sisteminin inkişafı ilə bağlı atılan bir sıra addımlara baxmayaraq, müəyyən problemlərin həlli hələ də gecikir.

Ekspertlər hesab edirlər ki, təhsilin inkişafı üçün yerli və xarici sərmayədarların aktivliyi əsas prinsiplərdən biridir və ölkədə xarici sərmayədarların aktivliyinə şərait yaradılmalıdır. Onu da qeyd edək ki, ölkədə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra xarici ölkələrin sərmayədarları ilə müqavilələr də imzalanıb. Azərbaycanda yerli sərmayədarların aqibəti ilə bağlı isə konkret fikir olmaz. Məlumdur ki, təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, yeni kadrların yetişdirilməsinə qoyulan investisalardan biri hesab olunur. Hətta dünyanın inkişaf etmiş ölkələrində təhsilə qoyulan uzunmüddətli sərmayələr hökümətlərin əsas iqtisadi strategiyasını təşkil edir.

Maraqlıdır ki, Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbaycanda təhsilə qoyulan uzunmüddətli sərmayə proqramları mövcuddurmu və varsa, bu sərmayələri effektli hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “Hesab edirəm ki, təhsilə qoyulan sərmayə perspektivə yatırılmış kapitaldır. Amma ali təhsil müəssisələrimiz bu istiqamətdə yetərli fəaliyyət göstərmir”.

Ali təhsilin büdcədən asılı olması fonunda ayrılan sərmayənin özünü doğrultmadığını qeyd edən ekspert Kamran Əsədova görə, inkişaf üçün ali təhsilin büdcədən asılılığını azaltmaq vacibdir:“İlk növbədə qeyd edim ki, təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin, fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

Son illər də ölkə prezidenti İlham Əliyev tərəfindən təhsil siyasətinin davamlı olaraq həyata keçirilməsi nəticəsində təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə ölkəmizdə son illərdə 3000-ə yaxın məktəb binası tikilib və mövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Geridə qoyduğumuz 5 il ərzində qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi əsas istiqamətlərdən idi. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında əksini tapdı. Ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Bir sözlə, neft kapitalını insan kapitalına çevirməyi strateji hədəf kimi qarşıya qoyan prezident İlham Əliyev qısa zamanda Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını təhsil siyasətinin prioritetlərindən birinə çevirdi. Təhsil sistemində yaradılan sağlam, şəffaf mühit onu deməyə əsas verir ki, prezidentin sərəncamları ilə Azərbaycan təhsili inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə yüksələcək. Ölkə rəhbərinin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, həm də onu deməyə əsas verir ki, Azərbaycan təhsili neft kapitalının insan kapitalına çevrilməsi üçün öz müstəsna rolunu şərəflə yerinə yetirəcək.

Kamran Əsədov: “ABŞ, Türkiyə, Sinqapur, Yaponiya, Almaniya, Fransa kimi ölkələrdə təhsil dövlət büdcəsinə böyük məbləğdə vəsait qazandırır”.

Buna baxmayaraq, hələ də qəzalı vəziyyətdə olan məktəblər var. Bundan başqa, 2007-2015-ci illərdə xaricdə təhsil proqramı çərçivəsində təhsil alan şəxslərin ölkəyə qayıtması istiqamətində problemlər var. İndiyə qədər bu proqrama 90 milyondan çox vəsait ayrılmağına baxmayaraq, hələ də rəqabətə davamlı iqtisadiyyat, səhiyyə, təhsil tam şəkildə qurulmayıb. Hesab edirəm ki, təhsilə qoyulan sərmayə perspektivə yatırılmış kapitaldır. Amma ali təhsil müəssisələrimiz bu istiqamətdə yetərli fəaliyyət göstərmir. Dövlət büdcəsindən ali təhsilə kifayət qədər vəsait ayrılsa da, onlar əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirə bilmirlər.

Dünya təcrübəsindən biz görürük ki, təhsilə qoyulan sərmayə ən faydalı sərmayədir. ABŞ, Türkiyə, Sinqapur, Yaponiya, Almaniya, Fransa kimi ölkələrdə təhsil dövlət büdcəsinə böyük məbləğdə vəsait qazandırır. Vaxtilə bu dövlətlərdə təhsilə qoyulan sərmayə indi özünü doğruldur. Amma bizim təhsil 27 ildir ki, büdcədən asılı haldadır. Düşünürəm ki, ali təhsilin büdcədən asılılığını azaltmaq lazımdır. Çünki onlara ayrılan sərmayə özünü doğrultmur”.

Gülşən ŞƏRİFpia.az