Azərbaycanda səpkilərlə müşahidə edilən xəstəlik nədir?

Azərbaycanda sporazit, yəni tək-tək hallarda səpkilərlə müşahidə edilən müraciətlər qeydə alınır
###reklam250###

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib.

A.Əliyevanın sözlərinə görə, ötən ilin dekabrından qızılca şübhəsi ilə bağlı müraciətlər daxil olur. Xəstələrdən analizlər götürülərək yoxlanılır və əksər hallarda allergik mənşəli səpkilər olduğu müəyyənləşdirilir. “Azərbaycanda qızılca və məxmərək qeydə alınmır. Qızılca olarsa, bu, gətirilmə halları ilə əlaqədardır. Çünki qonşu dövlətlərdə, o cümlədən Avropa ölkələrində qızılcaya yoluxmalar mövcuddur”, - Əliyeva deyib.

Direktor müavini əlavə edib ki, qızılca şübhəsi ilə müraciət edənlərin əksəriyyəti 30 və daha yuxarı yaşlılardır. Aparılan müşahidələrə əsasən, onlar vaxtında müxtəlif səbəblərdən peyvənddən yayınıblar. Peyvənd olunmuş azyaşlılar, yeniyetmələr arasında isə qızılca xəstəliyi qeydə alınmır.

A.Əliyeva onu da deyib ki, martın sonu - aprelin əvvəlində ölkəyə qızılcaya qarşı peyvənd gətiriləcək və dövlət xəstəxanalarında peyvənddən yayınmış 18 yaşından yuxarı şəxslərə təmənnasız olaraq vurulacaq: “Ölkəyə yalnız keyfiyyətli vaksin gətirilir. Hazırda vəziyyət nəzarət altındadır”.

pia.az