Dollar kreditləri ilə bağlı dəyişiklik - Problemli kreditlər azalacaq?...

İqtisadçı-ekspert: “Doğrusu bu qərar gözlənilən idi. Çünki, xeyli müddətdir ki, bankların bir çoxunda qeyri-müştərilərə istehlak krediti heç verilmirdi, həmçinin müxtəlif şərtlər qoyulurdu”
###reklam250###

“Danılmaz faktdır ki, digər ölkələrlə müqaisədə kredit faizləri Azərbaycanda kifayət qədər yüksəkdir. İstehlak kreditlərinə nəzər salsaq görərik ki, ən sərfəli faizlə kredit təklif edən banklarda belə kredit faizləri hər min manat üçün 26%-33% təşkil edir”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı tətbiq edilən yeni qaydanı PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı yeni qayda tətbiq edilib. Bu yenilik Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.

##relatedPost2##

Qaydalara görə, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlar xarici valyutada istehlak kreditlərini yalnız o zaman ala bilər ki, onun təminatı kimi, bankda xarici valyutada depozit olsun. Bu depozit ya borcalana, ya da üçüncü şəxsə aid ola bilər.

Bundan başqa, xarici valyutada istehlak krediti banka girov qoyulmuş bank metalları müqabilində də verilə bilər. Bir şərtlə ki, kreti təminatı əmsalı 90%-dən çox olmasın. Yəni götürülən kredit girovun məbləğinin 90%-dən artıq olmasın.

Qaydalara görə, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu kreditlərdə isə kredit zəmanət əmsalı 70%-dən artıq olmamalıdır.

Bu qaydalar idxal-ixracla məşğul olan sahibkarların fəaliyyətinə necə təsir edə bilər və yeni qaydalar bundan sonrakı mərhələdə problemli kreditlərin azalmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Bu qaydalar daha böyük şirkətlərin valyutada kredit almasını təmin edəcək, kiçik və orta miqyaslı sahibkarlara isə məhdudiyyətlər gətirəcək və bu da düşünürəm ki, azad bazar iqtisadiyyatına zidd addımdır”.

Qaydaların daha böyük şirkətlərin valyutada kredit almasını təmin edəcəyini, kiçik və orta miqyaslı sahibkarlara isə məhdudiyyətlər gətirəcəyini vurğulayan iqtisadçı-ekspert Vüsalə Əhmədova əlavə edib ki, bu da azad bazar iqtisadiyyatına zidd addımdır:

“Doğrusu bu qərar gözlənilən idi. Çünki, xeyli müddətdir ki, bankların bir çoxunda qeyri-müştərilərə istehlak krediti heç verilmirdi, həmçinin müxtəlif şərtlər qoyulurdu. Bir qismində əmək haqqını və ya təqaüdünü sözügedən bankın kartı ilə alan müştərilərə və ya həmin bankda əmanəti olan müştərilərə kredit ayrılırdı.

Bundan əlavə, məbləğindən və müddətindən asılı olmayaraq zamin, rəsmi əmək haqqının olması, o cümlədən, müştərinin Abşeron və ya Bakı qeydiyyatının olması şərti qoyulur, güc strukturlarında, neft sahəsində və ya nüfuzlu şirkətlərdə çalışanlara üstünlük verilirdi. Bəzi banklar isə hazırda yalnız lombard krediti təklif edirlər. Qızıl-zinət girovu ilə kredit verən həmin banklar kredit faizindən əlavə ən az halda 1% komissiya haqqı da tələb edirlər.

Danılmaz faktdır ki, digər ölkələrlə müqaisədə kredit faizləri Azərbaycanda kifayət qədər yüksəkdir. İstehlak kreditlərinə nəzər salsaq görərik ki, ən sərfəli faizlə kredit təklif edən banklarda belə kredit faizləri hər min manat üçün 26%-33% təşkil edir. Ölkəmizdə kredit faizlərinin yüksək olması təbii olaraq problemli kreditlərin ildən ilə artmasına gətirib çıxarır. Bu ilin əvvəli ilə müqaisədə problemli kreditlərin həcmi 84 milyon manat yüksəlib. Başqa sözlə, ilin əvvəlinə nisbətən problemli kreditlər 5,2% artıb.

Vüsalə Əhmədova: “Ölkəmizdə kredit faizlərinin yüksək olması təbii olaraq problemli kreditlərin ildən ilə artmasına gətirib çıxarır”.

Bildiyiniz kimi, problemli kreditlərin böyük qismi dollar kreditlərinin payına düşür. Belə ki, dollarla poblemli kreditlərin məbləği 877 milyon manat, manatla olan problemli kreditlər isə 833 milyon manat təşkil edir. Vəziyyətdən çıxış yolu olaraq hökumətin bu yola baş vuracağı gözlənilən idi. Azərbaycanın hansı dövlət və ya özəl müəssisəsində dollarla məvacib verilir? Təbii ki, yeni qaydalara müvafiq olaraq, ixrac, tranzit ticarət və bu qəbildən satış və valyuta qazandırıcı fəaliyyətlərə məşğul olanlar, dövlət qurumları, maliyyə təşkilatları, beynəlxalq tenderlərdə iştirak edən şirkətlər, xaricdə filialları olan şirkətlər, off-shore şirkətlər xarici valyutada kredit ala biləcəklər.

###reklam250###

Qaydalar problemli kreditlərin müəyyən qədər azalmasına kömək edə bilər, ancaq ədalətli olduğunu sanmıram. Qaydalar daha böyük şirkətlərin valyutada kredit almasını təmin edəcək, kiçik və orta miqyaslı sahibkarlara isə məhdudiyyətlər gətirəcək və bu da düşünürəm ki, azad bazar iqtisadiyyatına zidd addımdır. Valyuta ilə kredit ala bilməyən bu sahibkarlar dolayısıyla manat kreditinə yönələcəklər. Sizcə bu vəziyyət manat kredit faizlərinin daha da yüksəlməsinə səbəb olmayacaqmı? Məncə hökumət öncə manat kredit faizlərinin azaldılması üzərində düşünməlidir”.

Gülşən Şərifpia.az