13 yaşlı məktəblinin müəmmalı ölümü

Məktəbli oğlanın əslində intihar edilmədiyi bildirilir
Bakıda aprelin 7-də məktəblinin intihar xəbəri yayıldı. Yayılan məlumatda Qaraçuxur qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Azad Zaman oğlu Məmmədovun özünü asdığı və meyitinin asılmış halda anası tərəfindən tapıldığı bildirilirdi. Xəbər Qaraçuxur qəsəbəsində hamını təəccübləndirdi: həmin gün məktəbdən qayıtdıqdan sonra səhərdən axşama kimi qardaşı ilə həyətdə topla oynayan uşaq özünü niyə assın?! Məsələ ilə bağlı Suraxanı polisindən bildirilmişdi ki, A.Məmmədov dərslərini yaxşı oxumadığına görə atası tərəfindən tənbeh edilib, bundan az sonra o özünü asıb. Modern.az-a daxil olan məlumata görə isə uşaq heç də intihar etməyib. Bildirilir ki, bir müddət əvvəl əslən Ağdam rayonundan olan məcburi köçkün ata Zaman Məmmədov hazırda fəal olan dini cərəyanlardan birinə qoşulur. Cərəyana qoşulmaq ona ilk başda şirin görünsə də, az sonra bu yolun onun üçün olmadığını anlayır. Lakin artıq gec olur. Bu yoldan ayrılmaq istəyini bildirdikdə evində kiçik oğlu Azad Məmmədovu asılmış halda tapır. Fikirləşəndə uşağın özünü uzun iplə hündür qaz borusundan asması heç bir məntiqə sığmır. Hadisə A.Məmmədovun özündən böyük qardaşının bağçada olan bacısını gətirmək üçün evdən ayrıldığı sırada baş verir. Qardaş və bacı evə daxil olarkən qorxunc mənzərənin şahidi olurlar. A.Məmmədov asılmış halda iki əli də boğazında vəfat edib. Bəlkə, kiçik əllərilə ölümə müqavimət göstərmək istəyib. Lakin mümkün olmayıb. Hadisədən xəbər tutan ana dərhal atanı günahlandırmağa başlayır. Ata da özünü təqsirli bilərək bıçağa əl atır ki, özünü öldürsün, lakin ətrafdakılar mane olurlar. Ailə indi qapalı qutu kimidir. Nə soruşursan, cavab vermirlər, ana və digər iki uşağına da qəsd ediləcəyindən narahat olduğu üçün qorxu içində susur. Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Əkbərova məsələyə belə münasibət bildirib: “Qaraçuxur qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmmədov Azad Zaman oğlunun yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması faktına görə Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir”.