Qaşıqçının qətlindən sonra istiləşən Rusiya- Səudiyyə münasibətləri - Haraya qədər?

Politoloq: “Səudiyyə ilə Rusiyanın maraqları Yaxın Şərqdə ciddi şəkildə toqquşur”
###reklam250###

“Məhəmməd bin Salman gələcək taxt-tacını və hazırkı hakim mövqeyini qorumaq üçün müəyyən qədər Putinin dəstəyinə ehtiyac duyur. Amma tərəflərin yüksək əməkdaşlığı inkişaf dinamizminə gətirib çıxarmayacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya-Səudiyyə Ərəbistanı yaxınlaşmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, səudiyyəli jurnalist Camal Qaşıqçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedib və həmin vaxtdan itkin düşüb. Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Qaşıqçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

Məlumata görə, jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ABŞ Səudiyyə Ərəbistanına təzyiqlərini daha da artırıb. Veilən məlumatlara görə konqresdə hazırlanan qanun layihələrinə əsasən, ABŞ bu ölkəyə silah-sursat, bomba, raket, tank, müharibə təyyarələrini satmağı qadağan edəcək. Lakin Trampın vəlihəd şahzadə ilə bağlı mövqeyi də açıqdır. Tramp Qaşıqçı qalmaqalına görə Səudiyyə Ərəbistanı olan 100 milyarddan artıq silah müqaviləsindən vaz keçməyəcəyini dəfələrlə dilə gətirib. Bu üzdən də ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətləri korlayacağı heç də inandırıcı görünmür. Ən pis halda ABŞ qətldə adı keçən 18 şəxsə qarşı sanksiyalar tətbiq edə bilər ki, bu da gözləninəndir.

Qeyd edək ki, G20 sammitindən əvvəl Qərb mətbuatı demokratik ölkələrin liderlərinin bu sammit zamanı vəlihəd şahzadə Məhəmməd bin Salmanla əl sıxışağından yazır və bundan sonra Qərb liderlərinin öz seçicilərinin üznə necə baxacaqlarını sual edirdilər. Buna baxmayaraq sammitdə Qərb liderləri vəlihəd şahzadə Məhəmməd bin Salmanla təkbətək görüş keçirdilər.

Qaşıqçı qalmaqalından sonra diqqət çəkən amillərdən biri Rusiyanın Səudiyyə Ərəbistanı ilə daha da yaxınlaşmağa cəhd etməsidir. Bu G20 sammitində Putinlə vəlihəd şahzadə Məhəmməd arasında yaxın dostlar kimi görüşmədən də hiss olundu. Belə ki, sammitdə Vladimir Putinlə bin Salmanın ən yaxın dostlar kimi əllərini yuxarıdan bir-birilə toqquşdurmaları xüsusi diqqət çəkdi. Bəzi siyasi şərhçilərə görə Putin bu hərəkəti ilə daha çox onu qınayan və təcrid edən Qərb liderlərinə acıq verirdi.

Qeyd edək ki, Qaşıqçının qətlindən sonra beynəlxalq siyasətdə yaranan qalmaqalın ardınca Putinin əlihəd şahzadə Məhəmməd bin Salmana daha çox yaxınlaşmaq istəməsi diqqət çəkir. Putinin Qərb tərəfindən incidilən şahzadəni öz yanına çəkməklə Yaxın Şərqdə müvəqqəti də olsa yeni bir müttəfiq qazanmaq istəməsi göz qabağındadır. Səudiyyə Ərəbistanı ilə ittifaq doğrudan Putinə Yaxın Şərqdə inanılmaz imkanlar vəd edir və bu şirnikləndirici imkan Putin üçün Səudiyyənin vəlihəd şahzadəsini daha cəlbedici edir.

“Financial Times” qəzetinin jurnalisti Henri Foyun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq neftin qlobal bazarının əhəmiyyətli hissəsinə təsir edir, onların siyasi cəhətdən qarşılıqlı şəkildə anlaşması isə bölgədəki geopolitik prosesləri ayrı cür şəkilləndirir. Bəzi analitiklərə görə isə Səudiyyə-Moskva münasibətləri bundan sonrakı dönəm üçün daha da uzunömürlü ola bilər.

Maraqlıdır ki, Rusiyanın Səudiyyə Ərəbistanı ilə tərəfdaşlığı hansı səviyyəyə qədər inkişaf edə bilər və Səudiyyənin Qərbdən, xüsusən də ABŞ-dan asılılığı kral ailəsinə hansı həddə qədər müstəqil siyasət yürütmək imkanı saxlayır? Misal üçün qətl törətməkdə ittiham olunan vəlihəd şahzadənin Putinlə strateji tərəfdaşlığa getməsini ehtimal etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Kral ailəsi ilə Vaşinqton arasında münasibətlərin səviyyəsi Ər-Riyadın ABŞ əleyhinə olan dövlətlərə əməkdaşlığını çərçivədə saxlayır. Rusiya da bu qəbildəndir”.

Rusiya-Səudiyyə Ərəbistanı yaxınlaşmasının uzunömürlü olmayacağını qeyd edən politoloq Məhəmməd Əsədullazadəyə görə, indiki şəraitdə Səudiyyə Ərəbistanının Rusiya ilə yaxınlaşması siyasi taktikadan ibarətdir:

“Səudiyyə Ərəbistanı ilə ABŞ arasında jurnalist Camal Qaşıqçı cinayətindən dolayı bir sıra problemlər yaşanır. Baxmayaraq ki, prezident Tramp vəliəhd İbni Salmanla əməkdaşlıqda maraqlıdır. ABŞ bu ölkədən 400 milyard dollar məbləğində müxtəlif layihələr üzrə vəsaiti ölkəsinə cəlb etməyi planlayır. Amma Konqrens və CİA-nın bin Salmanı bu qətlin sifarişçisi kimi göstərməsi ciddi məqamlardan xəbər verir və ictimai rəydə Tramp Adminstrasiyası üçün ciddi problemlər yaradır. Bu üzdən də hazırda Səudiyyənin vəlihəd şahzadəsini dəyişmək üçün müxtəlif dezinformasiyalar da yayılır.

Hazırda Səudiyyənin vəlihəd şahzadəsi bin Salman ABŞ-la manevr etmək üçün Rusiya ilə taktiki əməkdaşlığa gedir. Hesab edirəm ki, Səudiyyə ilə Rusiyanın maraqları Yaxın Şərqdə ciddi toqquşur. Sadəcə Putin yaşanan olaylarla bağlı Salmanı öz tərəfinə çəkmək və Suriya ilə müəyyən uzlaşmaya gəlmək istəyir. Həmçinin neft qiymətlərini stabil saxlamaq üçün bu tərəfdaşlığa ehtiyac duyur.

Məhəmməd Əsədullazadə: “Səudiyyə Vaşinqtonun müəyyən siyasi təlimatları ilə hərəkət edir. İkinci Dünya Müharibəsindən sonra bu həmişə belə olub”.

Ər-Riyadın Moskva ilə təmasları uzaq perspektivə hesablanmayıb. Çünki Rusiya Yəməndə Husiləri, İranı və Əsədi dəstəkləyir. Göründüyü kimi, Səudiyyənin düşmən elan etdikləri Rusiya ilə normal əlaqələrə malikdir. ##relatedPost2##Düşünürəm ki, Vəliəhdin Vaşinqtondan ayrılma cəhdləri onun taxtdan getməsinə səbəb olar.

Görünür, ki, Məhəmməd bin Salman gələcək taxt-tacını və hazırkı hakim mövqeyini qorumaq üçün müəyyən qədər Putinin dəstəyinə ehtiyac duyur. Amma tərəflərin yüksək əməkdaşlığı inkişaf dinamizminə gətirib çıxarmayacaq.

Qeyd edim ki, Putin Ərəbistana silah satmağı da planlayır. Ümumiyyətlə, iki ölkənin əməkdaşlığı bir yerə qədərdir. Çünki Səudiyyə Vaşinqtonun müəyyən siyasi təlimatları ilə hərəkət edir. İkinci Dünya Müharibəsindən sonra bu həmişə belə olub. Kral ailəsi ilə Vaşinqton arasında münasibətlərin səviyyəsi Ər-Riyadın ABŞ əleyhinə olan dövlətlərə əməkdaşlığını çərçivədə saxlayır. Rusiya da bu qəbildəndir”.

Gülşən ŞƏRİFpia.az