Türkiyə-ABŞ münasibətlərində çətin sınaq

S-400, F-35 və YPG problemlərinin necə çözüləcəyi bilinmir
###reklam250###

Hakan Çelik

“Posta” qəzeti, Türkiyə, 01 dekabr 2018-ci il

Qısa müddət öncə “Metropol” araşdırma mərkəzi tərəfindən aparılan tədqiqat Türkiyədə ABŞ və Prezident Donald Trampa olan etimad hissinin ən aşağı səviyyədə olduğunu göstərdi. Digər tərəfdənsə, türk cəmiyyətində Rusiya Prezidenti Vladimir Putinin populyarlığı artır.

Son iki il ərzində Türkiyə ilə Rusiya arasında yaxınlaşma istiqamətində sürətlə atılan addımlar, ticarət, turizm, enerji və müdafiə sahələrində əməkdaşlığın artması bu ab-havanı gücləndirib.

Ankara ilə Vaşinqton arasındakı mövcud problemlər də atmosferin Moskvanın lehinə formalaşmasını təmin edib.

İllər ərzində Türkiyə və ABŞ liderləri arasında bir çox sammit keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sabiq Prezidenti Barak Obama ilə keçirdiyi hər görüşdə ABŞ-ın YPG-yə dəstək verməsinin yanlış olduğunu, bunun ağır nəticələr verəcəyini söyləyib. Obama administrasiyası “Sizi anlayırıq, baxarıq…” və s. kimi ifadələrlə zaman qazanmağa çalışıb.

Donald Tramp ABŞ Prezidenti seçildiyi vaxt bu məsələylə əlaqədar siyasətdə ciddi dəyişiklik olacağı ilə bağlı gözlənti vardı. Lakin, demək olar ki, heç bir şey dəyişmədi. Hətta ABŞ, PKK-nın uzantısı olan YPG-yə daha açıq formada və böyük miqyasda dəstək verdi.

##relatedPost2##

Vaşinqton bu gün də YPG ilə bağlı eyni yolu izləyir. ABŞ Türkiyəni oyalayır, lakin onu itirmək də istəmir. Ankara ilə Moskva arasında bütün səviyyələrdə bu qədər yaxınlaşmanın olması, təbii ki, Vaşinqtonu narahat edir. İrandan Çinədək uzanan böyük coğrafi məkanda öz hakimiyyətini artırmaq istəyən ABŞ, Türkiyənin aktiv dəstəyi və yardımı olmadan regionda istədiyi təsiri əldə edə bilməz.

Bu dövrdə daxili siyasətdə ciddi sıxıntılar yaşayan Tramp, xarici siyasətdə atdığı addımlarla diqqətləri dağıtmağa çalışacaq. Tramp, bu səbəblə YPG-nin verdiyi dəstəyi ABŞ ictimai rəyinə “İŞİD-ə qarşı mübarizədə ittifaqın uğuru” olaraq təqdim edir.

Məsələlərə anlatdığım çərçivədən baxarsaq, görərik ki, ABŞ administrasiyasının Türkiyəyə Rusiyadan S-400 raketlərini almaması üçün təzyiq etməyə davam etməsi ehtimalı güclüdür. Keşiş Bransonun buraxılmasından sonra normallaşma havasına girən Türkiyə-ABŞ münasibətlərinin S-400, F-35 və YPG problemləri üzündən çətin bir sınaqdan keçəcəyi gözlənilir.(Tərcümə Strateq.az)

pia.az