Seçkilər Ermənistandakı bulanıq suları duruldacaqmı?

Politoloq: “Hesab edirəm ki, Kreml Paşinyanı cəzalanadırmağa çalışacaq. Rusiya imkan verməyəcək ki, forpostu nəzarətindən tam asanlıqla çıxsın”
###reklam250###

“Seçkilərdən sonra Qarabağla bağlı danışıqların aparılması gözlənilir. Məhz cəbhədəki nisbi sakitlik buna hesablanıb”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda keçiriləcək parlament seçkilərinin onun siyasi gedişatına təsirini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Artıq Ermənistandakı parlament seçkilərinin keçirilməsinə 2 həftədən də az vaxt qalır. Belə ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək. Dünən isə Ermənistanda ölkə parlamentinə növbədənkənar seçkilər ərəfəsində seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 11 siyasi partiya və bloku qeydə alıb. Bunlar “Mənim addımım” bloku, Çiçəklənən Ermənistan Partiyası, Milli Tərəqqi Partiyası, Xristian-Milli Dirçəliş Partiyası, Sasna Tsrer Ümumermənistan Partiyası, Orinats Yerkir Partiyası, Biz Partiyası və Daşnaksütun Partiyasının yaratdığı blok, Maariflənmiş Ermənistan Partiyası, Ermənistan Respublika Partiyası, “Vətəndaşın qərarı” Sosial-Demokrat Partiyasıdır.

Bəzi ekspertlərə görə, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidmətindən, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdikləri ağlasığmazdır və hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda, dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir.

Nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə münasibət bildirən Nikal Paşinyan qeyd edib ki, yeni hökumət seçki sisteminin müzakirəsi üçün yeni işçi qrupu yaradacaq. O, açıqlamasında “Qrupda hökumət nümayəndələri, parlamentdə təmsil olunan və olunmayan partiyaların təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunacaq” - deyə bildirib.

Maraqlıdır ki, seçkilərdə Paşinyanın qalibiyyəti qəti görünürmü? Demək olarmı ki, seçkidən sonra Ermənistan Respublika Partiyası siyasi arenadan çəkiləcək? Ümumiyyətlə, seçkilərdən sonra Ermənistanın xarici siyasətində dəyişikliklər gözlənilirmi və eyni zamanda Dağlıq Qarabağ danışıqlarının intensivləşməsi mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Respublikaçılar Partiyasının hələ də təsir gücü qalmaqdadır. Rusiya hazırda Respublikaçılar Partiyasına ciddi dəstək verir. Ona görə də ölkədə siyasi vəziyyətdə ikitirəlik formalaşıb”.

Növbədənkənar parlament seçkilərindən sonra Ermənistan hakimiyyətində siyasi vəziyyətin heç də yaxşılaşmayacağını ehtimal edən politoloq Məhəmməd Əsədullazadəyə görə, Paşinyanın planları onun istədiyi kimi reallaşmayacaq:

“Ermənistanda siyasi şərait böhran vəziyyətdədir. Baxmayaraq ki, Nikol Paşinyanın rəhbərliyi ilə formalaşan hakimiyyət ölkədə siyasi vəziyyətə nəzarət edir. Respublikaçılar Partiyasının hələ də təsir gücü qalmaqdadır. ##relatedPost2##Rusiya hazırda Respublikaçılar Partiyasına ciddi dəstək verir. Ona görə də ölkədə siyasi vəziyyətdə ikitirəlik formalaşıb.

Hesab edirəm ki, seçkilərdə Paşinyanı digər siyasi partiyalar da dəstəkləməklə xalqın tam etimadını alıb, parlamentdə üstünlüyünü təmin edəcək. Parlementdə 30% yeri isə Trasukyanın rəhbərliyi etdiyi partiya əldə edəcək. Bu da Paşinyanın siyasi kursuna uyğun olacaq.

Seçkidən sonra Paşinyan çalışacaq ki, “Qarabağ klanı”nı tam siyasi səhnədən uzaqlaşdırsın. Parlament seçkilərindən sonra hakimiyyəti bütövlükdə əldə etdikdən sonra islahatlara, xüsusilə köhnə komandaya qarşı siyasi repressiyaya başlayacaq. Bundan əlavə, korrupsiya və digər sahələrdə islahatları effekt verməyəcək. İqtisadi vəziyyət məhz iqtisadi blokadaya görə müsbət nəticələnməyəcək. Onu da qeyd edim ki, Respublikaçılar Partiyasının siyasi arenadan tam çəkilməsi mümkün görünmür. Rusiya bu partiyaya “stavka” edəcək, “Qarabağ klanı” bu partiya ətrafında formalaşmaqla, Rusiya müxalifət vasitəsilə ölkədə Paşinyana təzyiqlər etməyə başlayacaq.

Məhəmməd Əsədullazadə: “Ermənistanın siyasi-iqtisadi inkişafı Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həllindən asılıdır”.

Düşünürəm ki, Paşinyan gələn ildən Avrointeqrasiya siyasətini açıq şəkildə davam etdirməyə çalışacaq. Amma Rusiyanın təzyiqləri, xüsusilə iqtisadi rıçaqları işə düşəcək. Dilemma qarşısında qalan Paşinyan Rusiyanın siyasətini də nəzərə almağa çalışacaq. Bütövlükdə çalışacaq ki, Qərbə inteqrasiya siyasətini davam etdirsin. Hesab edirəm ki, Qərbə tərəf kurs götürdüyünə görə Kreml Paşinyanı cəzalanadırmağa çalışacaq. Rusiya imkan verməyəcək ki, öz forpostu nəzarətindən tam asanlıqla çıxsın. Ona görə də Paşinyanın tam şəkildə qərbpərəst siyasəti effektli olmayacaq.

###reklam250###

Seçkilərdən sonra Qarabağla bağlı danışıqların aparılması gözlənilir. Məhz cəbhədəki nisbi sakitlik buna hesablanıb. Paşinyan Azərbaycan tərəfinə söz verib ki, danışıqlara gedəcək. Görək, bu danışıqlar substantiv üzrə gedəcək, yoxsa imitasiya xarakteri daşıyacaq?!

Vaşinqtondan isə Paşinyana verilən mesaj seçkidən sonra danışıqlarda irəliləyişə imza atmaqdır. Çünki Ermənistanın siyasi-iqtisadi inkişafı Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həllindən asılıdır”.

Gülşən ŞƏRİFpia.az