İstifadə müddəti bitməkdə olan malların endirimlə satılması - Təhlükəlidir?

AİB sədri: “İstifadə müddəti keçməmiş malların endirimlə satılması normaldır”
###reklam250###

“Bəzən olur ki, yaralılıq müddəti bitən məhsul yeni istehsal tarixi ilə alıcılara satılır”.

Bu sözləri AİB sədri istifadə müddətinin az qalmış malların endirimlə satılmasının qanunauyğunluğunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Çox vaxt supermarketlərdə istifadə müddətinin bitməsinə bir neçə gün qalan malları başqa malla birləşdirib endirimlə satırlar. Hətta bəzən məhsulun üzərində istifadə müddətinin bitmədiyini göstərən qeydlər olsa da, həmin məhsulun artıq istifadəyə yararsız olduğu məlum olur. Bu baxımdan əksər alıcılar dükanlardan ərzaq alarkən onun üzərində istifadə müddətini göstərən qeydlərə inanmırlar. Bununla yanaşı, istehsal müddəti bitmiş malların son zamanlar marketlərdə üstünlük təşkil etməsi də alıcılar tərəfindən narazılıq doğuran amillərdən biridir. Halbuki qanuna görə məhsulun istehsal tarixinin bitdiyinin son günü məhsul satışdan yığışdırılmalıdır.

İstifadə müddəti bitməkdə olan malların endirimlə satılması nə qədər təhlükəlidir? Azərbaycanda bu halın kütləvi şəkil almasına görə cavabdeh qurumların susqunluğunu nəylə izah eləmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Eyyub Hüseynov: “Yaralılıq müddətinin bitməsinə bir neçə gün qalmış malların endirim kampaniyası adı altında digər mallarla birləşdirilməsindənsə, qeyd etdiyim dükanlar şəbəkəsində, ya da ayrıca şöbədə satılması daha yaxşı təcrübə olar”.

İstifadə müddətinin bitməsinə bir neçə gün qalmış malların endirim adı ilə satılmasının qanuna zidd olmadığını bildirən AİB sədri Eyyub Hüseynova görə, yararlılıq müddətinin bitməsinə az qalmış malların xüsusi dükanlarda ucuz qiymətə satılması daha məqsədəuyğun olardı:

“Öncəliklə qeyd edim ki, istifadə müddəti keçmiş ərzaq mallarının satışı qanunla qadağandır. Lakin istifadə müddəti keçməmiş malların endirimlə satılması normaldır. Sadəcə Mərkəzi Avropa ölkələrində xüsusi dükanlar şəbəkəsi var. Malların yaralılıq müddətinin bitməsinə bir neçə gün qaldıqda həmin dükanlar şəbəkəsinə göndərilir və ucuz qiymətə satılır. Mən özüm də bir neçə dəfə həmin dükanlardan mallar almışam. Düşünürəm ki, yaralılıq müddətinin bitməsinə bir neçə gün qalmış malların endirim kampaniyası adı altında digər mallarla birləşdirilməsindənsə, qeyd etdiyim dükanlar şəbəkəsində, ya da ayrıca şöbədə satılması daha yaxşı təcrübə olar. Yəni, biznes qurumları bu üsuldan istifadə edə bilərlər. Bu hal istehlakçı hüquqlarının pozulması sayılmır.

Bəzən olur ki, yaralılıq müddəti bitən məhsul yeni istehsal tarixi ilə alıcılara satılır. Bu, qanuna zidd əməldir və istehlakçı hüquqlarının pozulmasıdır. Belə olan halda dövlət orqanları həmin dükanların sahiblərini cərimələməlidir. Qida Təhlükəsizliyi Agentliyi bu işlərlə ciddi şəkildə məşğul olmalı və onların qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirməlidir.

Təəssüf olsun ki, ölkədə bu cür vəziyyət geniş şəkildə yayılıb. Ümid edirik ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən vəziyyətin yaxşılaşdırılmasına dair vacib addımlar atılacaq”.

Gülşən ŞƏRİFpia.az