Avropa saytı Bakıdakı qiymətlərdən yazdı

Dünyanın müxtəlif ölkələrində yaşayış xərcləri, qiymətlərlə bağlı müqayisələr aparan “expatistan.com” saytı bu dəfə Azərbaycanın paytaxtında qiymətlərlə bağlı hesabat yayıb
###reklam250###

Araşdırmada Bakı şəhərində restoran və kafelərdə qiymətlərdən tutmuş, ərzaq məhsulları, otel və mehmanxana, geyim, nəqliyyat, səhiyyə, əyləncə və sairə xərclənən məbləğ yer alıb. 74 nəfər arasında keçirilən sorğu əsasında məhsul və xidmətlərin qiymətləri ilə bağlı orta rəqəm müəyyənləşdirilib.

Hesabatda göstərilir ki, Bakıda biznes mərkəzlərində içki daxil qəlyanaltı menyusunun qiyməti orta hesabla 12 manatdır. Mağazalarda 500 qram toyuq sinəsi 3,47 manat, 1 litr yağlı süd 1,75 manat, 12 yumurta 2,43 manat, 1 kq pomidor 2,71 manat, 1 kq kartof 1,01 manat, 1 şüşə şərab 10 manata satılır. 1 qutu “Marllboro” siqareti 4,74 manatdır.

Saytın yazdığına görə, şəhərin mərkəzi hissələrində bir aylıq ev kirayəsi 862 manat təşkil edir. Nisbətən kənarlarda isə bu rəqəm 483 manata qədər azalır.

Paytaxtda 85 kv. metrlik mənzildə iki nəfər üçün kommunal xidmət haqqı (isitmə, elektrik, qaz və s) aylıq 107 manatdır. Əhali 8 Mbps internet üçün aylıq 25 manat ödəniş edir.

##relatedPost2##

Geyim qiymətlərinə gəlincə isə, şəhərin ticarət mərkəzlərində cins şalvar (“Levi’s” və ya buna bənzər firmadan) 64 manatdır. Brend mağazalarda yay geyimi orta hesabla 78 manat, firmasından asılı olaraq dəri ayaqqabı isə 115-133 manatdır.

Bakıda mühərrikin işçi həcmi 1.4 kub sm metr olan “Volkswagen Golf” avtomobili və parametrləri eyni olan digər avtomobil almaq istəyən 34,607 min manat xərc çəkməlidir. Şəhərdə ictimai nəqliyyatda aylıq xərc isə təxminən 25 manatdır.

Bakıda özəl klinikada 15 dəqiqəlik həkim qəbulu orta hesabla 37 manat, 1 qutu antibiotikin qiyməti isə 10 manatdır.

Kafedə iki nəfərlik nahar 38 manat, kinoya iki nəfərlik bilet 14 manat, teatrda lüks yerə iki nəfərlik bilet 51 manat, italiyan restoranında yemək isə 66 manata başa gəlir. İdman zalına bir aylıq üzvlük üçün əhali 109 manat xərcləyir.

pia.az