TAP yay fasiləsindən sonra tikinti işlərini bərpa edəcək
Bu barədə "Report"a TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givert bildirib.
"TAP bütün fəaliyyət növləri üzrə səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş Ətraf Mühitin Monitorinqi Layihəsində müəyyən edilmiş çərçivədə işləyəcək", - L.Givert deyib.
Onun sözlərinə görə, TAP-ın icrası qrafik üzrə gedir və boru kəməri 2020-ci ildə Azərbaycanın "Şahdəniz-2" qaz kondensat yatağından ilk qazı almağa hazır olacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin ilkin olaraq Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.
TAP-ın inşaasının 2020-ci ildə yekunlaşdırılacağı və elə həmin ildə ilk Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
pia.az