Azərbaycan və Farer Adaları yığmalarının start heyətləri açıqlandı

Bu gün Bakı vaxtı ilə saat 22:45-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq
###reklam250###

D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşacaq. Paytaxt Torshavndakı “Torsvollur” stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Araz Abdullayev, Mahir Mədətov və Rüfət Dadaşov çıxacaqlar.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıblar.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

Farer Adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1) Kosovo seçməsinə məğlub olub (0:2).(Azərtac)

pia.az