“Bakıda keçiriləcək beynəlxalq konfransa kölgə salmaq cəhdləri əbəsdir”

Oktyabrın 8-də Bakıda Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
###reklam250###

Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarusdan nüfuzlu hüquqşünaslar qatılacaq. Yada salaq ki, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasına hüquq professoru İlham Rəhimov rəhbərlik edir.

Toplantıya gələcək qonaqların siyahısını təftiş edən Haqqın.az saytı professor İlham Rəhimovu və Azərbaycanın Serbiyadakı səfiri, keçmiş baş prokuror Eldar Həsənovu separatçılarıları Bakıya dəvət etməkdə ittiham edib. Sayt yazır ki, Abxaziya təmsilçilərinin Azərbaycana dəvət edilməsi rəsmi Tiflisi narazı salıb və onlar etiraz olaraq toplantıda iştirakdan imtina ediblər.

Konfransın Təşkilat Komitəsinin katibi Səid Hacıbəyli bu iddialara cavab vermək üçün musavat.com-a açıqlama yollayıb. O, həmin açıqlamada bildirir ki, yazılanlar beynəlxalq əhəmiyyətil toplantıya kölgə salmaq cəhdidir:"Konfrans olduqca mühüm bir mövzuya “Beynəlxaq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə”yə həsr olunub. Azərbaycan dövlətinin Ermənistan tərəfdən terrora məruz qalması ölkəmiz üçün mövzunu daha da aktuallaşdırır. Tədbirin işində Azərbaycan hüquqşünasları ilə yanaşı dünyada tanınan hüquqşunaslar, terrorizmlə mübarizə üzrə ixtisaslaşmış alimlər də iştirak edəcək.

Tədbirin Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də məhz ölkəmizi, onun paytaxtını dünyaya daha çox tanıtmaqdır. Biz çalışırıq ki, xaricdən gələn qonaqlar ölkəmizdə olan inkişaf və quruculuq işləri ilə əyani tanış ola bilsinlər. Bu toplantı eyni zamanda, Azərbaycan dövlətinin son illər ölkəmizin dünyada tanıdılması işinə töhfə kimi də qiymətləndirilə bilər. Məhz buna görə konfransın məkanı ilə bağlı müzakirələrdə biz israrla Azərbaycan, Bakı üzərində dayandıq.

Çox təəssüf, bəzi qüvvələr bu tədbirin ölkəmiz, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün önəmini dərk etmədən Assosiasiyanın prezidenti professor İlham Rəhimovun fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli informasiyalar yaymaqla məşğuldurlar. Xüsusi olaraq vurğulayırıq ki, heç bir siyasi xarakter daşımır, məqsəd terrorizmin aradan qaldırılması ilə bağlı dünya təcrübəsinin öyrənilməsi, Azərbaycan ictimaiyyətinin bu təcrübə ilə tanış edilməsidir".

##relatedPost2##

Səid Hacıbəyli abxaziya təmsilçirlənin toplantıya qatılacağı ilə bağlı iddialara da cavab verib: "Dəvətlilər yüksək professionallıq qabiliyyəti olan tanınan hüquqşünaslardır və onların Azərbaycana münasibətləri olduqca müsbətdir. Adları keçən guya Abxaziyanı təmsil edən şəxslər isə bizdə olan məlumata görə, Rusiya Federasiyasının vətəndaşlarıdır. Biz ona görə əslən abxaz olan tanınmış mütəxəssislərin gəlməsi ilə razılaşmışdıq ki, həmin şəxslər konfransda Ermənistan tərəfindən dövlətimizə qarşı həyata keçirilən terrorizmi öz çıxışlarında ifşa edəcəkdilər.

Onu da vurğulamaq istəyirəm ki, Assosiasiya Bolqarıstan Respublikasında qeydiyyatdan keçib və Təşkilat Komitəsinin üzvlərindən biri - qurumun vitse-prezidenti Zaxari Zaxariyev bu ölkənin vətəndaşıdır. Abxaziya təmsilçilərinə dəvətnamə də onun tərəfindən göndərilib. Gürcüstan nümayəndələrinin məhz bu səbəbdən toplantıda iştirakdan imtina etməsinı gəlincə, bu haqda Təşkilat Komitəsinə hər hansı məlumat daxil olmayıb. Biz Gürcüstan vətəndaşlarının konfransda iştirakını gözləyirik".

Təşkilat Komitəsi təmsilçisinin sözlərinə görə, eks baş prokuror Eldar Həsənovun toplantıda çıxış edəcəyi haqqında yazılanlar da həqiqəti əks etdirmir: "Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Eldar Həsənova gəlincə, biz onun ümumiyyətlə Azərbaycanda olduğunu bilmirik. Eldar müəllim hüquq elmləri doktorudur. Ölkənin baş prokuru kimi önəmli bir vəzifə tutub. İndi diplomatik fəaliyyətdədir. Əgər Bakıdadırsa, medianın imkanlarından istifadə edərək hörmətli Eldar müəllimi konfransda görməkdən məmnun olacağımızı bildiririk.

Bu gün Qara dəniz və Xəzər dənizi Regionu ölkələrinin qarşılıqlı münasibətlərində çözülməsi vacib hüquqi məsələlər var. Bizim tədbirimizin də məqsədi yaratdığımız format daxilində gündəmdə olan hüquq problemlərini müzakirəyə çıxarmaqdır. Təcrübə göstərir ki, praktik hüquqşünasların, eləcə də elmi ictimaiyyətin yüksək səviyyədə təmsil olunduqları bu cür toplantılar hər bir ölkənin qanunvericiliyinin təkmilləşməsinə yardım edə bilər. Biz işimizi bu istiqamətdə qurmağa çalışırıq. Ona görə də, toplantının üzərinə kölgə salmağa cəhd edənləri, bu məsələnin arxasında dayananları bizim kimi faydalı işlərlə məşğul olmağa çağırırıq". (musavat.com)

pia.az