Suriya müharibəsi bitir və Bəşər Əsəd qalib elan olunur?

Politoloq: “Əsəd o fiqur deyil ki, hansısa dövlətlə anlaşsın”
###reklam250###

“Suriyada müharibənin, qırğınların böyük hissəsi geridə qaldı. Lakin, münaqişənin tamamiylə bitməsindən danışmaq tez olardı”.

Bu sözləri politoloq Zaur Məmmədov Bəşər Əsədin Suriyada müharibənin bitməsi haqqında fikrini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd Küveytin ”əş-Şahid” qəzetinə müsahibəsində bildirib ki, o, ərəb dövlətləri ilə anlaşıb və yaxın zamanda Suriyada müharibə tamamilə bitəcək. Qetd edək ki, Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Körfəz mediasına müsahibə verən ölkə başçısı Bəşər Əsəd ərəb ölkələri ilə anlaşdıqlarını açıqlayıb. Konkret ad çəkməyən Bəşər Əsəd ərəb və Qərb dövlətlərinin təmsilçilərinin Suriyaya səfər etməyə başladıqlarını, diplomatik nümayəndəliklərin yenidən açılması istiqamətində danışıqlar aparıldığını bildirib.

Türkiyə parlamentinin sədri Binəli Yıldırım isə Suriya münaqişəsi ilə bağlı bildirib ki, regiondakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir. Həmçinin Suriya və İraqdakı münaqişələr nəticəsində 3,5 milyondan çox qaçqın Türkiyə ərazisinə keçib.

Bəzi ekspertlərə görə, Suriyada sülh planı Rusiya, həm də ABŞ-ın iştirakı ilə, regiondakı dövlətlərin, yerli ərəb, kürd, türkmən və xristianların maraqları nəzərə alınmaqla tərtib olunmalıdır. Həçminin Əsəd rejiminin mövcud olub-olmaması belə Suriya məsələsinin həllində ciddi əsaslara malik deyil.

Bəs Əsəd rejiminin hökm sürdüyü bir zamanda Suriyada sabitliyin bərqərar olması mümkündürmü və Suriyada müharibə bitdiyi təqdirdə bölgə uğrunda mübarizə aparan dövlətlərin maraqları necə təmin olunacaq?

O da məlumdur ki, Türkiyə və Rusiyanın münasibətlərinin strateji əhəmiyyət daşıması məhz Suriya böhranına görə baş verib. Suriyada müharibə bitərsə, Türkiyə-Rusiya münasibətləri hansı müstəviyə keçə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Rusiya – Türkiyə münasibətləri təkcə Suriyadan asılı olan məsələ deyil. indiki halda Ankara və Moskvanı birləşdirən bir çox məqamlar var”.

Türkiyənin öz milli maraqlarının qorunmasında davam edəcəyin vurğulayan politoloq Zaur Məmmədov əlavə edib ki, Suriyanın şimalında Əsəd və Rusiya mütləq Türkiyənin milli maraqlarını nəzərə almalıdırlar:

“Məncə Əsəd o fiqur deyil ki, hansısa dövlətlə anlaşsın. Suriya bu gün Moskva və Tehran tərəfindən idarə olunur. Sunni dövlətlərinin özləri belə daxili və xarici siyasətdə müstəqil deyil, ABŞ-ın vassalı rolunda çıxış edirlər.

Hesab edirəm ki, Suriyada müharibənin, qırğınların böyük hissəsi geridə qaldı. Lakin, münaqişənin tamamiylə bitməsindən danışmaq tez olardı.

##relatedPost2##

Türkiyə öz milli maraqlarının qorunmasına davam edəcək. Suriyanın şimalında Əsəd və Rusiya mütləq Türkiyənin milli maraqlarını nəzərə almalıdırlar. İllərdir ki, Əsəd bölgədə terrorçuların yetişdirilməsi, onların himayəsi ilə məşğul idi.

Rusiya – Türkiyə münasibətləri təkcə Suriyadan asılı olan məsələ deyil. indiki halda Ankara və Moskvanı birləşdirən bir çox məqamlar var. Suriyada isə əksinə, onlarən geosiyasi ambisiyalari üst- üste düşməsə də bir-birilərinə çox lazımdırlar”.

Gülşən ŞƏRİFpia.az